“Uşaqpulu” bərpa olunmayacaq – YENİLƏNİB

0
274

Bu gün bəzi kütləvi informasiya vasitələrində Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimliyə istinadən parlamentin payız sessiyasında “uşaqpulu” məsələsinin müzakirəyə çıxarılacağına dair məlumatlar yayımlanıb.

Bu barədə  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

“Qeyd olunur ki, guya bir müddət öncə Milli Məclisin sədri Sahibə Qafarova “uşaqpulu”nun bərpasının müzakirəsi üçün parlamentdə işçi qrupun yaradılması barədə göstəriş verib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi olaraq bildiririk ki, ictimaiyyətə təqdim edilən bu məlumat həqiqətə uyğun deyil və heç bir əsası yoxdur”,-deyə məlumatda qeyd olunub.

14:57

Milli Məclisin payız sessiyasında deputatlar “uşaqpulu” məsələsinin müzakirəyə çıxarılmasına çalışacaqlar.

Bu barədə  parlamentin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli bildirib.

T.Kərimli bildirib ki, Milli Məclis sədri Sahibə Qafarova “uşaqpulu”nun bərpasının müzakirəsi üçün parlamentdə səsləndirilən təkliflərin nəzərə alınacağını deyib.

2006-cı il yanvarın 1-dək Azərbaycanda “uşaqpulu” verilirdi. 2006-cı il 1 yanvar tarixinədək Azərbaycanda ailədə adambaşına düşən orta aylıq gəlirin 16 500 manatdan (3,3 AZN) az olduğu hallarda uşaq doğulduğu aydan başlayaraq 16 yaşa çatanadək (təqaüd almayan məktəblilər 18 yaşınadək) aylıq 9 000 manat (1,8 AZN) məbləğində müavinət verilirdi.

2006-cı ilin yanvarın 1-də “Ünvanlı dövlət sosial yardımı haqqında” qanun qüvvəyə minib və aztəminatlı ailələrə ünvanlı yardımlar edilməyə başlanılıb. Bununla da, “uşaqpulu” ləğv olunub.

Deputat T.Kərimli söyləyib ki, payız sessiyasında “uşaqpulu”nun  təyin olunması üçün optimal variantlar ətrafında müzakirələrin aparılması, ekspert rəylərinin dinlənilməsi gözlənilir.

Millət vəkili digər vacib məsələnin də gündəmdə olduğunu deyib. Onun sözlərinə görə, bu, Mərkəzi Seçki Komissiyasının yenidən formalaşdırılması ilə bağlıdır.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası 18 üzvdən ibarətdir. Qurumun bütün üzvləri Milli Məclis tərəfindən seçilir.

Seçki Məcəlləsinə əsasən, MSK-nın 6 üzvü Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı, 6 üzvü bitərəf deputatları, 6 üzvü isə parlamentdə azlıq təşkil edən siyasi partiyaları təmsil edir.

Bildirək ki, Milli Məclisin payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.