“Tullantı suları təkrar istifadə ilə texniki məqsədlər üçün işlədilə bilər”

0
244

Təkcə Abşeron yarımadasından Xəzər dənizinə gündə 1 milyon kub metr çirkli su axır. Bunu ölkə ərazisində Xəzər dənizinin sahili boyu şimaldan cənuba doğru götürsək, həmin rəqəm iki dəfə artır”. 

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə bildirib.

Onun sözlərinə görə, hazırda Xəzər dənizinə külli miqdarda çirkli sular daxil olur. Ən çox çirklənmə olan qaynar nöqtələrdən biri Abşeron rayonudur: “Amma Xəzər dənizinin çirklənməsində təkcə Azərbaycan rol oynamır. Xəzər regional dənizdir və beş Xəzəryanı ölkə təmizlənməmiş tulantı sularını dənizə axıdır. Problemdən çıxış yolu tullantı sularının Xəzər dənizinə axıdılmasının qarşısının alınmasıdır. Bu sular müvafiq standartlara uyğun təmizlənməlidir. Nazirlik bu istiqamətlərdə fəaliyyət göstərir. Təəssüf ki, Bakı şəhəri, Abşeron rayonunda çox böyük faiz mərkəzləşmiş kanalizasiya qurğuları mövcud deyil. Olanların bir hissəsi isə köhnəlib və normativlərə uyğun təmizləməni təmin etmir”.

R. Səttarzadə, həmçinin qeyd edib ki, hazırda iqlim dəyişikliyi, su itkilərinin çox olması ilə bağlı Azərbaycanda su problemi yaranıb: “Su itkilərinin çoxluğu, su ehtiyatında çatışmazlıqlar yay aylarında daha çox hiss olunur. Bu problemi aradan qaldırmaq üçün müvafiq komissiya yaradılıb. Dövlət başçısı  tərəfindən 2020-22-ci illərdə Azərbaycan Respublikasında sudan qənaətli istifadə ilə bağlı tədbirlər planı hazırlanıb. Burada sudan təkrar istifadə nəzərdə tutulur. Tullantı suları təkrar istifadə olunaraq texniki məqsədlər üçün istifadə oluna bilər. 1 milyon kub metr su dənizə axıdılmasa, emal edilərək texniki su kimi istifadə oluna bilər. Bakıda texniki suya kifayət qədər ehtiyac var. Hazırda ölkədə geniş yaşıllaşdırma işləri həyata keçirilir. Burada suvarma suyu kimi təmizlənmiş, içməli sudan istifadə oluna bilər”.