Qonşu ölkələrdə “Koronavirus qaydaları”na əsasən yeni dərs ili

0
663

Bəzi qonşu ölkələrdə sabah məktəblər öz qapılarını şagirdlərin üzünə açacaq. Bəs təhsil prosesi necə təşkil ediləcək?

Qonşu ölkələrdən Türkiyə yeni tədris ilinə bu gündən başlayır. Dərslər sentyabrın 18-nə kimi distant şəkildə keçiriləcək. Sentyabrın 21-dən isə tədricən əyani təhsilə başlamaq planlaşdırılır.

Rusiya Federasiyasında hər bölgə öz qaydalarını təyin edir. Ancaq ümumi olanlar da var: girişdə temperatur ölçüləcək. Fərqli dərslər üçün sinif dəyişdirilməyəcək.

Gürcüstanda da dərslər sentyabrın 15-dən başlayacaq. Məktəblər hansı dərsləri əyani, hansını isə onlayn şəkildə keçəcəklərini özləri üçün fərdi olaraq qərarlaşdıracaqlar.

Belarusda dərslər həmişəki qaydada keçiriləcək.

Qazaxıstan və Qırğızıstanda da dərslər sentyabrın 1-də başlayacaq. Ancaq yalnız ibtidai siniflər üçün. Yuxarı sinif şagirdləri hələlik distant təhsil alacaqlar.

Moldovadakı məktəblərdə dərslər növbəli şəkildə keçiriləcək, bəzi fənlər onlayn olaraq tədris ediləcək.

Özbəkistanda dərslər sentyabrın 14-də başlayacaq. Orada valideynlərə tədris prosesini seçmək təklif olunub – bir çoxu onlayn dərsin tərəfdarıdır.

Tacikistanda isə dərslər avqustun 17-dən başlayıb. Uşaqlar üç növbədə oxuyurlar. Maska taxmaq vacibdir.

Qeyd edək ki, Azərbaycanda dərslər sentyabrın 15-də başlayacaq. İbtidai sinif şagirdləri (1-4) sentyabrın 15-dən etibarən ənənəvi tədris formalarına qayıdırlar. Ancaq onlar məktəbə həftədə 2-3 dəfə gedəcəklər.

5-9-cu sinif şagirdləri sentyabrın 15-dən etibarən onlayn formatda distant təhsilə başlayacaqlar. Lakin oktyabrın 1-dən etibarən onları əyani, ənənəvi təhsil formasına cəlb etmək məsələsinə baxılacaq. Ənənəvi və distant təhsil paralel davam edəcəyi üçün məktəblilər həftədə 2-3 dəfə təhsil müəssisələrinə gedəcəklər.

Yuxarı sinif şagirdləri (10-11 siniflər) də sentyabrın 15-dən distant təhsilə başlayacaqlar. Oktyabrın 15-dən etibarən onların əyani, ənənəvi təhsil formasına cəlb olunması məsələsinə baxılacaq. Ənənəvi və distant təhsil paralel davam edəcəyi üçün şagirdlər həftədə 2-3 dəfə təhsil müəssisələrində dərslərdə iştirak edəcəklər.

Təhsil müəssisələrinin bütün sinif şagirdləri üçün bu qərar noyabrın 2-dək qüvvədədir, sonrakı qərar epidemioloji vəziyyəti nəzərə alaraq qəbul ediləcək.