“Qarabağ” – “Molde” oyununun keçirilməsi üçün neytral ölkələrin adları açıqlandı

0
534

UEFA Çempionlar Liqasının “Qarabağ” – “Molde” oyununun harada baş tutacağı müzakirə olunur.

Bu barədə Norveç Futbol Federasiyasının Yarışlar üzrə direktoru Nils Fisketyön NTB-yə (Norveç Xəbər Agentliyi) açıqlamasında bildirib.

O bildirib ki, UEFA, Norveç Futbol Federasiyası və “Qarabağ” klubu oyunun hansı məkanda keçirilməsi ilə bağlı müzakirələrdə iştirak edib. UEFA bu matçın keçirilməsi üçün Polşa, Kipr, Yunanıstan və Macarıstanla razılaşıb.

“Matçın başqa yerdə keçirilməsi lazımdır. “Qarabağ” seçim haqqına malikdir”.

“Molde”nin direktoru Ule Erik Stavrum isə Macarıstan variantına isti yanaşır:

“Sarı zonada olan bir neçə ölkə qalıb. Yəqin ki, Macarıstan neytral ölkə olmalıdır. Daha çox bu istiqamətdə düşünmək lazımdır. Mənə Abid Raca (Norveçin Mədəniyyət naziri) zəng vurmuşdu. Yaxşı olar ki, bu məsələni tez dəqiqləşdirək və oyuna hazırlaşaq. İndi Norveç Futbol Federasiyası və UEFA arasındakı dialoqda iştirak etməyimiz lazımdır”.

Qeyd edək ki, “Molde” 16 və ya 17 sentyabrda Bakıda “Qarabağ”la oynasa, Norveçə qayıtdıqdan sonra 10 günlük karantinə alınacaq. Belə olan halda “Molde” Norveç çempionatında sentyabrın 19-da “Volerenqa” ilə səfər, sentyabrın 26-da “Sandefyord”la ev matçında iştirak edə bilməyəcək.