Məleykə Abbaszadə: “Jurnalistlər məsuliyyətsiz yanaşır, yoxlamalara gəlmirlər”

0
134

İxtisas seçiminin nəticələri qabiliyyət imtahanının nəticələrindən sonra elan ediləcək. Bu sentyabr ayının 17-dən sonra olacaq.

Bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə üçüncü ixtisas qrupları üzrə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi ilə əlaqədar “Facebook”da canlı yayım zamanı deyib.

O bildirib ki, qabiliyyət imtahanları və Moskva Dövlət İnstitutunda keçirilən imtahanlar ayın 20-si bitir:

“Bu imtahanlar və bugünku jurnalistika ixtisası üzrə qabiliyyət imtahanları bitdikdən sonra nəticələr analiz ediləcək. Bu gün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirilən qabiliyyət imtahanlarında 1000 nəfərə yaxın şəxs iştirak edir. Onların yazı işlərini yoxlayanların yarısı jurnalistlərdir. Yazılar professional jurnalistlərlə yanaşı, ekspertlər tərəfindən də yoxlanılır.

Təəssüf ki, jurnalistlər bəzən məsuliyyətsiz yanaşır, yoxlamalara gəlmirlər. Vaxtlarının olmadığını deyirlər, lakin bütün hallarda biz onlardan asılı vəziyyətdə qalırıq. Yoxlamalar onlayn keçirilir. Keçən il imtahanları yerində yoxladıqları zaman prosesin necə intellektual və yüksək səviyyədə keçirildiyinin şahidi oldular. Biz gözləyirik ki, onlar bu məsələyə məsuliyyətlə yanaşacaq və 3-4 günə bu proseslər tam yekunlaşacaq və biz müsabiqəni keçirəcəyik. Yəqin ki, ayın 20-si imtahanlar bitdikdən sonra təxminən üç günə müsabiqə keçiriləcək”.

M.Abbaszadə qabiliyyət imtahanında iştirak edən bir nəfər abituriyentin özünün hansısa jurnalistin qızı olduğuna dair məlumatı qeyd etdiyinə görə nəticələrinin ləğv edildiyini də deyib:

“Burada belə məqamlara yol vermək olmaz. Yazıda mövzuya uyğunlaşdırılmış şəkildə hər hansı məlumat ötürməyə çalışan şəxslərin nəticələri ləğv ediləcək. Ötən il abituriyentlərdən biri yazısında özünün Əməkdar jurnalistlərdən birinin qızı olduğunu qeyd etmişdi. Bu bəzi jurnalistlər tərəfindən qiymətləndirilsə də bizim tərəfimizdən qəbul edilmədi. O iş 0 qiymətləndirildi. Bu çox mürəkkəb prosesdir və məsuliyyət tələb edir. Odur ki, diqqətli olsunlar”.