Erməni məmur yaponları təhqir etdi – Yapon alimin cavabı

0
450

Yaponiyalı alim, Kobe Universitetinin Beynəlxalq Əməkdaşlıq Araşdırmaları Ali Məktəbinin professoru Kan Kimuranın  müsahibəsi:

– Ermənistan hökumətinin diaspor məsələləri üzrə baş komissarı Zare Sinanyan yaponlara qarşı təhqiramiz bir açıqlama verib. Onun sözlərinə görə, yaponlar çin və koreyalıların qarışığından əmələ gəliblər. Bununla bağlı erməni diplomatdan heç bir üzrxahlıq açıqlaması gəlməyib. İrəvan bunun komissarın şəxsi fikri olduğunu bildirib. Baxmayaraq ki, Sinanyan nazirə bərabər vəzifə daşıyır. Bir tarixçi kimi, yapon xalqının etnogenezi haqqında nə deyə bilərsiniz?

– Hansısa erməninin dediyi sözə görə əsəbiləşməyə dəyməz. Yaponların mənşəyi ilə bağlı sualınıza gəlincə, əcdadlarımız bu adalara on minlərlə il əvvəl, müxtəlif yollarla gəliblər. Lakin yaponlar xüsusi olaraq Çin, Koreya, Sibir və ya Sakit okeanın adalarından gələn şəxslər deyildir.

– Necə düşünürsünüz, hər hansı bir ölkənin hökuməti məmurunun açıqlamalarına görə məsuliyyət daşımalıdır?

– Əgər hər hansı bir şəxs qəsdən başqa bir milləti və ya xalqı alçaltmağa çalışırsa, bu, qəbuledilməzdir. Qəzəbi və irqçiliyi kəskin tənqid etmək lazımdır.

– Elmi mənbələr qədim yapon dilinin müasir türk dillərinin də daxil olduğu Altay dil ailəsinə aid olduğunu söyləyir. Bəs yapon alimləri özləri bu fikri bölüşürlər?

– Əlbəttə, yapon dili monqol, mançjur və koreya dilləri kimi Ural-Altay dil ailəsinin tərkib hissəsidir. Bizim dilimiz Çin-Tibet dillərindən fərqlənir.

– Bildiyimiz qədər, yapon xalqının tarixi Jomon dövründən başlayır. Bu dövr haqqında məlumat verə bilərsiniz?

– Arxeoloji araşdırmalara görə, 16 min il əvvəl insanlar artıq yapon adalarında məskunlaşmışdı. Bu, Jomon dövründən daha əvvələ gedib çıxır. Sözügedən dövrdə ovçu cəmiyyətlərində dulusçuluq və heykəlciklərin bəzədilməsinə başlanılıb. İnsan məskənlərinin yapon adalarındakı ilk izləri isə 40 min il əvvəl başlayan Qensi dövrünə təsadüf edir.