Onun evinə ayaq basan heç kimsə naümid qayıtmayıb….

0
1233

Bu şərafətli Məhərrəm ayında Məhəmməd Peyğəmbərinin müqəddəs qanını daşıyan, Seyid Sisianlılar haqda yazımaq haqda qərara gəldim.

Seyid Mirqafar oğlu Mir İsmayıl ağa təxminən 1880-81-ci illərdə Naxçıvan MR Ordubadın Vələvürz kəndində dünyaya göz açıb. Hələ uşaq yaşında ikən çiçək xəstəliyindən gözləri tutulmuşdu. Gənc ikən haqqa inamı, insanlara köməyi bütün mahala yayılıb. Bu xəbər Zəngəzur mahalına da yayılmışdır. O vaxt Qarakilsədən Naxçıvana gedib duz, ərik qurusu, tut qurusu, möyüz (üzüm qurusu) gətirənlər Ordubadda Vələvürz kəndində elin güvənc yeri, inam yeri olan Mirqafar ağanın ocağı barədə eşitdiklərini, onun oğlu Mir Ismayıl ağanın xalqa köməyindən söhbət açır, möcüzələrindən danışırdılar. Beləcə danışılanlar bütün Zəngəzuru bürüyürdü, inasanların bu ocağa inamı artırdı. Burada yaşayan əhalinin bir Allah adamına, mömin bir çəxsə ehtiyacı olduğu üçün nəhayət Sisian mahalının bir qrup ağsaqqalı Ordubada gedirlər. Qonaqlar gəlişlərinin məqsədini açıqlayanda Ağanın anası və bacıları uşaq ikən gözlərini itirmiş gəncin çətinliklərlə üzləşəcəyini əsas götürərək narazılıqlarını bildirirlər. Mir İsmayıl Ağa isə gələnləri naümid qaytarmır və onlarla birlikdə mahala gəlir. İlk olaraq Qızlcıq kəndində məskunlaşır. Ərazi dağlıq olduğundan Mir İsmayıl ağa 17 ildən sonra gözlərini əbədi yumduğu Urud kəndinə köçür. Kənd camaatı, ağsaqqallar məsləhətləşirlər ki, bu ev müqəddəs ocaqdır və boş qalmamalıdır. Elə Mir İsmayıl ağa da müqəddəs adamdır bu evdə yaşamağa layiqdir. Bununla da sonradan mahalın ən hörmətli və müqəddəs şəxslərindən sayılan Mir İsmayıl ağa ömrünün sonuna kimi Urudda həmin evdə yaşayır.
Seyid Mir İsmayıl ağanın 4 övladı- Miriş (mirqafar) adlı oğlu, Dürrə, Rübabə, və Siddiqə adlı qızları olmuşdur.1956-cı ildə vəfat edən Seyid Mir İsmayıl ağadan sonra onun qardaşı Mir Həbib ağa və oğlu Miriş ağa Seyid ocağının müqəddəs ənənələrinin ləyaqətli davamçıları kimi elin-obanın xeyir-şərini yola vermiş, ocağa pənah gətirən hər kəsin ümid yerinə çevrilmişdir.
Seyid Mirhəbib ağa 1885-ci ildə Ordubadda anadan olmuşdur. Dövrün ensklopedik biliyə malik olan böyük bir din alimi kimi tanınan Mir Həbib ağa Nəcəfdə təhsil almış, artıq otuzuncu illərə qədər Qafqazın islam aləmində sayılıb-seçilən din xadimi kimi şöhrət tapmışdır.
Mir Həbib ağa 1937-ci ilədək Ordubadda yaşamış, 37-ci ilin repressiyası zamanı Urud köçüb gəlmiş, NKVD-nin təqibləri nəticəsində 1941-ci ildə Zaqatalaya köçməyə məcbur olmuş və ömrünün axırınadək burada yaşamışdır.
Seyid Miriş ağa (Qafarov Mirqafar Mir İsmayıl oğlu, anası Muxəstə Albəndə qızı Ağdü kəndindəndir.) 1930-cu ildə Urudda anadan olub. Orta təhsilli olmasına baxmayaraq Miriş ağa dərin məntiqi, təfəkkürü, ağıllı mühakimələri, geniş informasiyaları və dünyagörüşü ilə bir çox ziyalılardan yüksəkdə dayanan, mahalda sayılıb-seçilən, hörmət edilən el ağsaqqalı kimi şöhrət tapmışdır. Seyid Miriş ağa 1988-ci il qaçqınlığında Urudda qalan evini nə dəyişməmiş, nə də satmamışdır: “öz əlimlə ağamın ocağını kafirə verə bilmərəm “-deyib, qapını bağlayıb Evi Allaha tapşıraraq çıxmışdır…
1992-ci ildə Məşhəd, 1994-cü ildə isə Həccə gedərək ulu babalarını ziyarət edib öz övladlıq borcunu yerinə yetirib.
Mir İsmayıl ağanın Urud kəndində olan sonradan müqəddəs ziyarətgaha çevrilən kümbəzini oğlu və davamçısı Seyid Miriş ağa tikdirib:
“…O vaxt 27 yaşım var idi. Qərara gəldim ki, qəbrin üstündə kümbəz tikim. Kümbəzin işarisində atamın qəbri, sinə daşınmın üstündə ərəb əlifbası ilə onun kimliyi yazılmışdır. Qəbrin ayaq tərəfində isə oturmaq üçün iki daş qoyulmuşdur. Kümbəz hazır olandan sonra camaat oranı ziyarət eləməyə başladı. Elə o vaxtdan kümbəz ocağa çevrildi.”-deyərək ağa xatirələrini danışır.

Mir İsmayıl ağa möcüzələri
Ağanın ocağına Sisian camaatından başqa digər bölgələrdən- Füzuli, Ağdam, İmişli, Gəncə, Naxçıvan, Zaqatala və başqa rayonlardan, hətta Orta Asiyadan, xüsusən Qazaxstandan və Qırğızıstandan niyyət tutub gələnlər olurdu. Uzaq yerlərdən gələnlər günlərlə ağanın qonağı olar, ağanın nemətlərindən dadıb gedərmişlər. Kimsə sidq-ürəklə Ocağa niyyət edib nəzir deyərdisə, mətləb mütləq hasil olardı. Deyilənlərə görə Ocağa xəstəliklə bağlı gələnlər üçün Mir İsmayıl ağa dua oxuyar, salavat çevirər və bir gün ocaqda qonaq qalandan sonra sağ-salamt yola düşərmişlər.
…”Orta Asiyadan xəstə gətirilmişdir. Xəstə əsəbiləşmiş və buna görə ağzı əyilmişdir. Atam ona dua oxudu, əlini xəstənin ağzına sürtdü, həmin xəstə bizim ocaqda bir gecə yatdıqdan sonra ağzı düzəldi.
…Beş yaşlı uşaq yeriyə bilmirdi deyə onu bizim Ocağa gətirmişdirlər. Valideynləri onun ömürlük şikəst qalacağından qorxurdular. Atam onu dava-dərmansız, duaları və əlləri ilə müalicə etdi. O uşaq ilk dəfə bizim qapıda yerə ayaq basdı. Valideynləri qapımışda qurban kəsdilər…
…Uruddan olan Məhərrəm raykomun atlarını saxlayırdı. O vaxtlar maşın yox idi. Bir gün raykom katibi kəndlərə getmək istəyir və Məhərrəmə atları gətirməyi tapşırır. “Üçtəpə”də Məhərrəmlə katibi görünməmiş çovqun və boran tutur. Katib əllərini yuxarı qaldıraraq “ya Mirismayıl ağanın cəddi, bizi xilas elə gəlim sənin nəzirini verim” deyir. Az keçmir ki, hava normal axarlına düşür. Həmin gün raykom katibi (kommunist, atteist partiyanın nümayəndəsi) gəlib ağanın nəzirini verirlər.
…12 ildən çox müddətə ailə qurmuş bir gəlinin övladı olmurmuş. Bir çox xəstəxanalara, müalicəxanalara müraciət etsə də xeyiri olmamışdır. Ocağı ziyarət edəndən, ağanın şəfqətli əllərinə toxunandan sonra gəlin öz evlərinə gedir. Bir ildən sonra həmin evdə uşaq qığıltısı eşidilir. Həmin gəlin bir həftə Ağanın ocağında qulluqçu kimi qonaqlara təkbaşına qulluq etmişdir.
…Mirismayıl ağa gözləri görməsə də evə ayaq basan adamın kim olduğunu, verilən nəzirin miqdarını, rəngini, nə olduğunu bilərmiş. Quranı avazla oxuyarmış”.

Əli İbrahimov
Hüquqşünas