Paytaxtın Binəqədi, Xəzər və Nərimanov rayonlarında mərasimlərin keçirilməsinin qarşısı alınıb

0
358

Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə bütün kütləvi tədbirlər, o cümlədən dini ayinlərin keçirilməsi, ictimai və digər yerlərdə şəxslərin 5-10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib, məscidlərin fəaliyyəti dayandırılıb. Bundan əlavə, Daxili İşlər Nazirliyi tərəfindən vətəndaşlara avqust ayının 21-dən başlayan Məhərrəm ayı, o cümlədən Aşura günü ilə əlaqədar məscidlərdə, ziyarətgahlarda və digər ibadət yerlərində, eləcə də ayrı-ayrı evlərdə toplaşaraq mərasimlərin keçirilməsinin yolverilməz olduğu və bu məhdudiyyətlərin yalnız əhalinin sağlamlığını qorumaq məqsədi daşıdığı bildirilib. Buna baxmayaraq, mövcud qaydaları kobud şəkildə pozan vətəndaşlara rast gəlinib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, avqustun 30-da Binəqədi rayonu ərazisində bir qrup şəxsin Aşura mərasiminin keçirilməsi ilə əlaqədar müxtəlif ünvanlarda toplaşdıqları müəyyən edilib, onlar ərazidə xidmət aparan Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölmələrinə gətirilib. Onlarla izahedici söhbətlər aparılıb. Xüsusi karantin rejimi qaydalarını pozaraq sosial məsafəni gözləmədiklərinə görə 9 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati protokol tərtib olunaraq hər biri 200 manat məbləğində cərimə olunub.
Həmin gün eyni hadisəyə Xəzər və Nərimanov rayonlarında da rast gəlinib. Həmin rayonlar ərazisində bir qrup şəxsin Aşura mərasiminin keçirilməsi ilə əlaqədar toplaşdıqları müəyyən olunduğundan onlar ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılaraq ərazi üzrə polis bölmələrinə gətirilib.
Onlarla izahedici söhbətlər aparılıb. Xüsusi karantin rejimi qaydalarını pozaraq sosial məsafəni gözləmədiklərinə görə ümumilikdə 22 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati protokollar tərtib olunub.