Pandemiya dövründə hotellər necə işləyib?- ARAŞDIRMA

0
646

Pandemiya dövrü, bütün sahələr kimi, turizm, xidmət sahələrinə, xüsusən hotellərin fəaliyyətinə öz təsirini göstərdi. Bu sahədə vəziyyətin necə olduğunu araşdırmaq üçün bir neçə hotelin fəaliyyəti ilə tanış olduq.

“Baku” hotelin icraçı direktoru Ülviyyə Süleymanovanın sözlərinə görə, hoteldə Nazirlər Kabineti yanında operativ qərargahın koronavirus pandemiyası ilə bağlı tətbiq etdiyi karantin qaydalarına tam əməl olunur:

Bu dövrdə “Baku” hoteli fəaliyyətini mehmanxanalar üçün xüsusi metodiki göstərişlərə əsasən təşkil edib. Hotelə daxil olan qonaqların, eyni zamanda, işçilərin hərarəti yoxlanılır. Hotelin restoranında masalar arasındakı ara məsafə iki metr müəyyən edilib.

Ailəvi gələn qonaqlar istisna olmaqla, hər stolda iki nəfərdən artıq müştərinin oturmasına icazə verilmir. Həmçinin, hoteldə sosial məsafənin qorunmasına da diqqət yetirilir”.

Ü.Süleymanova əlavə edib ki, hoteldə qonaqlayan şəxslər səhər yeməyi zamanı özünə xidmətdən istifadə etmir:

“Əməkdaşlarımız tərəfindən qonaqlara xidmət göstərilir. Bu, müştərilərin orada olan qablara toxunmaması üçün alınmış qərardır. Beləcə, təmas da az olur. Hər bir əməkdaşımız maska, əlcəklə təmin olunub. Karantin qaydalarına əməl edilir”.

İcraçı direktor bildirib ki, pandemiya dövründə zərərçəkən hotellər siyahısında olmayıblar:

“Həmin müddətdə hotelimiz fəaliyyətə başlamamışdı. Yeni fəaliyyətə başladığımız üçün bu şəraitə əsasən iş strukturu qurulub, o struktur üzərində fəaliyyət göstərməyə çalışırıq. Bunun üçün maliyyə itkisi yaşamadıq, əsas itkimiz vaxt oldu. Yumşaldılma qərarlarından sonra hotelimiz fəaliyyətə başladı.

Qeyd etdiyim kimi, hazırkı vəziyyəti nəzərə alaraq, müvafiq qaydalar çərçivəsində fəaliyyət göstərməyə çalışırıq”.

“Gabala Hospitality Group”un Group PR və Marketing meneceri Ceyhun Yəhyayevin sözlərinə görə, koronavirus pandemiyası dövründə hotellər şəbəkəsi fəaliyyətini mehmanxanalar üçün xüsusi metodiki göstərişlərə əsasən bərpa edib:

“Hotellərin əsas girişində qonaqların qarşılanması zamanı onların temperaturu ölçülür, sosial məsafə ilə bağlı döşəmələrdə xüsusi nişanlar vurulub. Qeydiyyat şöbəsinə yaxınlaşanlar ödənişsiz şəkildə maskalarla təmin edilir”.

C.Yəhyayev bildirib ki, hotellərərdə səhər yeməyi zamanı qonaqların özlərinə xidmət etməsinə şərait yaradılmır:

“Əməkdaşlarımız qonaqlara xidmət göstərirlər. Qonaqlarımız orada yerləşən qablara toxunmurlar. Bunu əməkdaşlarımız əlcəklər vasitəsilə yerinə yetirirlər. Masalararası məsafə iki metr, stolda əyləşən insanlar arasındakı məsafə isə bir metr müəyyən olunub. Bu qaydalara daim riayət edilir”.

“Hər gün əməkdaşlarımızın temperaturu ölçülür, hərarəti yüksək olanlar hotel ərazisinə buraxılmırlar. Biz otaq təmizliyində də dezinfeksiya məhlullarından istifadə edirik. Gün ərzində mütəmadi olaraq ictimai ərazilər dezinfeksiya edilir”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, pandemiya ilə bağlı sərt karantin rejiminin yumşaldılması regionda yerləşən hotellər üçün dəyişikliyə səbəb olmayıb:

“Bildiyiniz kimi, “Qafqaz” hotellər şəbəkəsi yalnız Qəbələ regionunda fəaliyyət göstərir və sərt karantin rejimində son yumşaldılmalar bir çox sahəni əhatə etsə də, Bakı və regionlararası gediş-gəliş bərpa olunmadığı üçün bu, bizim biznesimizə təsir etməyib. Şəhərlərarası gediş-gəliş açılarsa, canlanmadan danışa bilərik”.

C.Yəhyayev əlavə edib ki, pandemiya dövründə “Qafqaz” hotellər qrupu gəlirlərdə 90 faiz itki ilə üzləşib:

“Sahibkarlara verilən yardımlar zərərin dörd faizini qarşılayıb”.

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi Oxu.Az-a açıqlamasında bildirib ki, Azərbaycanda karantin tətbiq olunan gündən ölkədə yerləşən mehmanxanaların fəaliyyətinə heç bir məhdudiyyət qoyulmayıb:

“Amma hotellər qonaq olmaması səbəbindən fəaliyyəti dayandırmışdılar. Eyni zamanda, sərt karantin rejimi tətbiq olunan rayonlardan hotellərin sahibləri bizə şikayət ünvanlayırdı ki, Daxili İşlər Nazirliyinin əməkdaşları, icra hakimiyyətinin nümayəndələri hotellərin fəaliyyət göstərməsinə icazə verməyiblər.

Əsasən, Xaçmaz, Nabran, Xudat tərəfdən bizə müraciətlər daxil olub. Yəqin ki, səbəb epidemioloji vəziyyətlə bağlı olub, amma qanuni səviyyədə belə bir qadağa tətbiq edilməyib”.

S.Dübəndi qeyd edib ki, hotellərin işləməməsinin səbəblərindən biri də hər zaman qonaqların daha çox xaricilər olmasıdır:

“Əksər hotellər istiqamətlərini turistlər üzrə götürmüşdülər. Sərhədlər bağlıdır, beynəlxalq uçuşlar yoxdur və Azərbayacana turist gəlmədiyi üçün işləyə bilmirlər. Çünki həmin dövrdə onlar fəaliyyətlərini davam etdirsəydilər, işçilərə məvacib və əlavə xərclər ortaya çıxırdı”.

Ekspert hazırda ölkədə fəaliyyət göstərən restoranların vəziyyəti ilə bağlı da danışıb:

“Bu biznes artıq məhv olmaq üzrədir. Restoranlarla bağlı vəziyyət çətindir. Ər-arvad restoranda yanbayan otururlar və cərimələnirlər. Bu, düzgün deyil. Bu məsələ barədə yeni həll yolu olmalıdır”.

Qeyd edək ki, Baş nazir Əli Əsədov avqustun 8-də “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nın təsdiq edilməsi barədə qərar imzalayıb.