Mədəniyyət müəssisələrində Xalq şairi Fikrət Qocanın 85 illiyi qeyd edilib

0
704

Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi, Əməkdar incəsənət xadimi Fikrət Qocanın doğum günü münasibətilə İsmayıllı Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayonlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrində rəngarəng tədbirlər keçirilib.
Regional mədəniyyət idarəsinin mətbuat katibi Aysu Nəcəfli  bildirib ki, mədəniyyət müəssisələrində Xalq şairi Fikrət Qocanın 85 illiyinə həsr olunan videoçarxlar hazırlanıb, onlayn sərgilər, kitabxana oxucuları ilə onlayn görüşlər təşkil olunub. Şamaxı, İsmayıllı, Ağsu və Qəbələ rayonlarında fəaliyyət göstərən mərkəzi kitabxanalarda, eləcə də onların filiallarında keçirilən müxtəlif onlayn görüşlərdə oxuculara şairin həyat və yaradıcılığından danışılıb, çap etdirdiyi şeir kitabları, şeirlərinə bəstələnən musiqilər, tərcümələri haqqında ətraflı məlumat verilib.
Yaradıcılığında milli ədəbi-bədii ənənələrdən bəhrələnərək zamanın bədii lirikasını canlandıran şairin 85 illik yubileyi münasibətilə Ağsu rayon Mədəniyyət Mərkəzi, Qəbələ rayon Mədəniyyət Mərkəzi və filialları müxtəlif videoroliklər hazırlayıblar. Videoroliklərdə Fikrət Qocanın uşaqlıq və gənclik illərini, ailə həyatını, ictimai fəaliyyətini əks etdirən şəkillər yer alıb. Həmçinin mərkəzin əməkdaşları tərəfindən şairin şeirlərinə bəstələnmiş musiqilər ifa olunub.