KORONAVİRUS PANDEMİYASI: DUYĞULAR, DÜŞÜNCƏLƏR

0
382

 

Dünyanın ən ali canlısı insandır. Allah onu gözəl sifətdə yaradıb. Zəkası, ağlı, yaddaşı, fəhmi, təfəkkürü ilə adını qoca tarixin səhifələrinə yazdırıb. Hər bir insan uşaq yaşlarından başlayaraq ömrünün sonuna qədər könül dəftərini zənginləşdirir. İnsan ürəyi onun iç dünyası, bu dünya hiss-həyəcanlarla, düşüncələrlə doludur. Bu dünyanın zənginliyi insan yaşa dolduqca genişlənir. Bəli, hər kəsin bir iç dünyası var. O dünyanı rövnəqləndirən etnoqrafiya və folklorla bağlı düşüncələr, hisslər, söylənilən məlumatlardır. Hisslərin, duyğuların hikmətli sözlərə çevrildiyi kimi, adət-ənənə və folklor nümunələrinin də müsbət təsiri insanı düzgün yola yönləndirir, onu yolundan sapmağa qoymur. Hər bir insandakı milli düşüncələr, adət-ənənə və folklor yaddaşı onu sanki gələn dərd-bəladan, bədbinlikdən qoruyur, onun ruhunu sağlam, qəlbini təmiz saxlayır. Biz bunu elə bu koronavirus pandemiyasında da görürük. Adamın yadına aşağıdakı atalar sözləri düşür: “Palaza bürün, ellə sürün”, “El içində, öl içində”, “El bir olsa zərbi-kərən sındırar”, “Ellə gələn toy-bayramdı”.
Bu hikmətli sözlərin hər biri adama yaşamaq gücü verir, onda özünəinamı artırır, müdrik ağsaqqal kimi yol göstərir, ona el-obanın bir fərdi olduğunu xatırla dır. Xalqımızın yaratdığı bayatılar, zərb-məsəllər, deyimlər də belədir. Dərdimizi-sərimizi azaldır, bizi bədbinliyə qapılmağa qoymur. Bunların hər biri bizim güvənc yerimizdir. Elə buradaca bir deyimimizi xatırlayaq: “Gözdən yaş çıxarmı ürək yanmasa?”. Maraqlıdır ki, bu deyim tanınmış şairimiz Mikayıl Müşfiqin “Duyğu yarpaqları” rübailər silsiləsindəki rübailərin birinin bir misrasıdır. Burada dərd-sərin içdə, iç dünyada qalmaması görünməsə də gözdən axan yaşın ürək yanğısı ilə əlaqəsi, doğmalığı aydınca verilmişdir. Yəni gözdən yaşın gəlməsi özü bir təskinlikdir, yoxsa insan təskinlik tapa bilməz ki. Elə buna görə də dədə-babalarımız dərd-sərlərini, sevinclərini bayatılara da çevirib gələcək nəsillərə ünvanlamışlar.
Folklor bizim qəlbimizdə, könlümüzdə, sözümüzdə, ifadələrimizdə, düşüncələrimizdə, hisslərimizdə, həyəcanlarımızdadır. O, bizim yaxın həmdəmimiz, həmişə yol yoldaşımızdır. İnsanı folklorsuz təsəvvür etmək mümkün deyil. İnsan sanki ona bürünüb, onun mayasındadı folklor. Elə məqamlar var ki, folklor bir hadisə kimi özü gəlib insan həyatına daxil olur. Məsələn, insanın doğulması, ayaq açması, diş çıxarması… Bunlarla bağlı laylalar, nazlamalar, müxtəlif deyimlərin dilə gəlməsi paralel olaraq davam edir. Adam bəzən bir bayatıya qulaq asıb ya bikef olur, ya da sevinir. Çünki bayatı xalqın sözü, onun arzu-istəklərinin ifadəçisidir. Təbii ki, avazla deyiləndə daha təsirli və yaddaqalan olur. … Bəzən bir musiqini dinləyirsən, gözün-könlün açılır, ruhunu oxşayır…
“Xeyirlə şər qardaşdı” – deyib atalarımız. Təbii ki, xeyir işdə şənlənmək, sevinmək hər kəsə xüsusi zövq verir. Adamların “yallı” oynaması mərasimin canlılığını və zənginliyini daha da artırır, ümumiliyi əks etdirir.
Yas mərasimlərində başsağlıqların verilməsi (“başın sağ olsun, sonuncu qəmin olsun”, “Allah əcr versin”) adamlara təsəlli verir, onlarda təskinlik yaradır. Əlbəttə, biz bu misalları artıra da bilərik. Sözümüzün canı odur ki, insan folklorsuz yaşaya bilməz. Folklor onun içində, həyatında, ruhundadır.
…Pandemiya günlərində yardımlaşma, imkansız, çətin şəraitdə olan ailələrə ərzaqla, müxtəlif ev avadanlıqları ilə əl tutmaq xalqımızın iç dünyasından gələn bir özəllikdir. Bunun kökü qədimlərdən gəlir, adət-ənənələrlə bağlıdır. Adətən kənd yerlərində qışa ərzaq hazırlıqlarında, yəni əriştəkəsmədə, yarma hazırlığında, süd dəyişmədə olan iməciliklər hər bir ailənin qış ərzağını təmin edirdi deyə hamının karına gəlirdi. Bu incəliklər adamların güzəranlarının yaxşılaşdırılmasına xidmət edir di. O vaxtlar da imkansız ailələrə yardım edilir, onların da ərzaq sarıdan qıtlıq çəkməməsi təmin edilirdi. Adətən yay vaxtı ot biçini ilə bağlı adamlar bir-birinə kömək edirdilər. Biçilən otu yığınlara vurmaq, sonra onları daşıyıb tövlənin yaxınlığında taya qurmaq xeyli zəhmət tələb edən işlərdi. Təbii ki, bu vaxtlar adamlar tarla nəğmələri oxuyar, işin axarında getməsini sağlayırdılar.

Bütün bu iməciliklər, bir-birinə yardımetmə dədə-babalarımızın hikmətli sözlərində də özünü göstərir: “Tək əldən səs çıxmaz”, “Güc birlikdədir”.
Koronavirusla bağlı adamları küçələrdə fikirli, qayğılı, düşüncəli görmək təbiidir. Adamlar sanki bir-birindən ayrı düşüb. Adamların belə anlarda bir isti sözə, xoş nəvazişə, yerində deyilən bir şirin deyimə ehtiyacı var. Bu mənəvi ehtiyacı bir bayatı, deyim, hikmətli söz də təmin edə bilər. Çünki bunlar insanla, onun ruhu ilə bağlıdır.
Bu pandemiya günlərində insanlar darıxır, sanki özlərini tənha hiss edirlər. Bunu onların baxışlarından görməmək mümkün deyil. Yəni onların mənəvi yardıma (mehriban rəftara, xoş münasibətə) ehtiyacları var. Bu mənəvi yardım insan la rın müqavimətini gücləndirməyə, onları irəliyə – gələcəyə aparmağa xidmət edir.
Bizi bir eləyən, sağlam saxlayan hər birimizin iç dünyasıdır. Bu dünyanın zənginliyi – adət-ənənələrimiz və folklor düşüncələrimiz bu sevgini yaşatmağımız dır. Təbii ki, öyrəşmədiyimiz, haqqında əvvəllər təsəvvürümüz olmayan koronavirus olayı dünyanı bürüsə də ağıl və düşüncələrimiz bizi çaşdırmadı. Biz tələb olunan qaydalara uymaqla bərabər, iç dünyamızı da unutmadıq. Əski ümidlərimizi, inamlarımızı itirmədik. Burada adət-ənənələrimiz də, folklor yaddaşımız da köməyimizə gəldi. Günləri duyğu və düşüncələrsiz keçirmədik. Bəli, insanın ağlı hər şeydən güclüdür. Pandemiya da insanın zəkası qarşısında geri çəkilir. Sağlam əqidə insanın özünə inamı müsbət nəticələrin əldə olunmasına səbəb oldu. Koronavirus təhlükəsi tədricən zəifləyib yox olmağa üz tutmaqdadır. Səbrlə dirəniş, sağlamlıq uğrunda uyğulanan qaydalara əməletmə bir daha hər birimizin iç dünyasının böyük önəm daşıdığını əks etdirməkdədir. Çünki folklor insanları beşikdən məzara qədər müşayiət edir. Onun varlığı insanın ümidli və inamlı yaşamasını təmin edir.

Afaq MUSTAFAYEVA

AMEA Folklor İnstitutunun əməkdaşı