İndoneziya saytları Azərbaycanın Birinci vitse-prezidenti haqqında məqalələr yayıb

0
256

İndoneziyanın saytları Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyətindən bəhs edən məqalələr yayıb.
“Asean Youth”, “Telusur”, “Gprioryti”, “Minanews” saytlarında dərc olunmuş “Vətəninə və xalqına xidmət Birinci vitse-prezident Mehriban Əliyevanın həyat amalıdır”, “Mehriban Əliyevanın fəaliyyətinin əsasında xalqa məhəbbət dayanır”, “Vətənini və xalqını sevən Mehriban Əliyeva”, “Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva” adlı məqalələrdə qeyd olunur ki, ölkəsinin inkişafına xidmət, sosial məsələlərin həlli, şəfqət və mənəviyyat ideyalarına sədaqət, ehtiyacı olanlara yardım Mehriban Əliyevanın həyat fəlsəfəsinin əsasını təşkil edir. Vətənini və xalqını böyük məhəbbətlə sevən Mehriban Əliyeva Prezident İlham Əliyevlə çiyin-çiyinə dayanaraq Azərbaycanın tərəqqisinə mühüm töhfələr verir.
“Vətəninə və xalqına xidmət Birinci vitse-prezident Mehriban Əliyevanın həyat amalıdır” adlı məqaləsinə istinadla dərc olunan yazılarda uzun müddətdir Heydər Əliyev Fonduna rəhbərlik edən Mehriban Əliyevanın UNESCO və ICESCO kimi beynəlxalq humanitar təşkilatların xoşməramlı səfiri olaraq dünya mədəni irsinin qorunması, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda tanıdılması işinə töhfələrindən bəhs edilir. Qeyd olunur ki, məhz onun səyləri nəticəsində UNESCO Dünya İrs Komitəsinin 43-cü sessiyası 2019-cu ilin iyulunda Azərbaycanda keçirilib və burada beynəlxalq əhəmiyyətli qərarlar qəbul edilib.
Məqalələrdə vurğulanır ki, Mehriban Əliyeva Birinci vitse-prezident vəzifəsində əsas diqqəti sosial məsələlərə, əhalinin aztəminatlı təbəqəsinin problemlərinin həllinə yönəldib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş 300 mindən çox insanın həyat şəraiti qısa müddətdə yaxşılaşdırılıb. Bir il ərzində beş mindən çox məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb. Ermənistan ordusunun cəbhə xəttində törətdiyi iğtişaşlar nəticəsində yaralanan azərbaycanlı əsgər və zabitlərin müalicəsi təşkil edilib.
Yazılarda Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycanda COVID-19 pandemiyasına qarşı həyata keçirilən tədbirlər, Heydər Əliyev Fondunun dəstəyi ilə modul tipli xəstəxanaların istifadəyə verilməsi barədə məlumatlara da geniş yer verilib.
Azərbaycanın Birinci vitse-prezidentinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması sahəsində müstəsna xidmətlərindən bəhs edən məqalələrdə, eyni zamanda, bu məqsədlə Heydər Əliyev Fondunun təşəbbüsü ilə müxtəlif ölkələrdə təşkil edilən tədbirlər barədə də məlumat əksini tapıb.
Məhz çoxşaxəli və yorulmaz fəaliyyətinə görə Mehriban Əliyevanın bir sıra beynəlxalq mükafatlara layiq görüldüyü diqqətə çatdırılır. Vurğulanır ki, Azərbaycanın Birinci vitse-prezidentinin ən böyük mükafatı isə xalqının ona olan məhəbbəti və hörmətidir.
Qeyd edək ki, Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti barədə məqalələr  Çinin “China Daily” qəzeti, Avropa İttifaqının “EU Politics” portalı, Avropa Xəbər Agentliyi, Qazaxıstanın, Rumıniyanın, Moldovanın, Bolqarıstanın, Xorvatiyanın, Yunanıstanın, Rusiyanın, Qırğızıstanın, Özbəkistanın, Yaxın Şərq və Şimali Afrika ölkələrinin kütləvi informasiya vasitələri tərəfindən də yayılıb.