Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Cəbrayıl və Füzuli rayonlarının işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

0
293

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Cəbrayıl və Füzuli rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının bəyanatını təqdim edirik.
1993-cü ilin 23 avqust tarixində Cəbrayıl və Füzuli rayonları təcavüzkar Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Cəbrayıl rayonunun işğal edilmiş 1050 kvadratkilometr ərazisindən 60 minə yaxın əhali etnik təmizlənməyə məruz qalıb, rayon mərkəzi və 90 kənd erməni vandalizmi nəticəsində məhv edilib. Həmçinin 400 nəfər şəhid olub, 91 nəfər əsir və itkin düşüb və 177 nəfər əlil olub.
Füzuli rayonunun mərkəzi və 50 kəndinin Ermənistan ordusu tərəfindən işğalı nəticəsində 657 nəfər şəhid olub, 181 nəfər əsir və itkin düşüb və 400 nəfərədək rayon sakini əlil olub.
Təcavüzkar Ermənistanın münaqişənin əvvəlində iddia etdiyi əzəli torpağımız olan Dağlıq Qarabağdan əlavə ətraf 7 rayonu da işğal etməsi, onun əsl məqsədinin güc yolu ilə ərazilərimizi ilhaq etmək olduğunu göstərir. Həmin ərazilərə kənardan etnik ermənilərin qanunsuz köçürülməsi siyasəti də bunu təsdiq edir.
Bir daha bəyan edirik ki, Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli və davamlı həlli yalnız təcavüzkar Ermənistan Silahlı Qüvvələrinin bütün işğal olunmuş ərazilərimizdən çıxarılmasından və etnik təmizləməyə məruz qalmış soydaşlarımızın öz doğma torpaqlarına qayıdışından sonra mümkündür.