Azərbaycanda 3800 itkin düşmüş şəxs haqqında ətraflı məlumat toplanıb

0
364

Bu gün dünyada baş verən silahlı münaqişələr, zorakılıq halları, miqrasiya və təbii fəlakətlər nəticəsində itkin düşmüş yüz minlərlə insanı yad etmək, onların ailələrinə dəstək olmaq məqsədilə beynəlxalq itkin düşmüş şəxslər günü kimi qeyd olunur.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyindən verilən məlumata görə, regionda 25,000-dən artıq insan, 90-cı illərdə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar itkin düşmüş 4,500-dən çox şəxs doğması haqqında xəbər almaq ümidi ilə yaşayır. Yeni xəbərin olmadığı hər bir gün yaxınlarının taleyinin aydınlaşdırılmasını gözləyən insanlar üçün narahatlıq və qeyri-müəyyənliklə dolu növbəti günə çevrilir.

BQXK 20 ildən artıq bir müddətdir ki, qeyri-müəyyənlik içərisində yaşayan, iqtisadi, inzibati və hüquqi çətinliklərlə üz-üzə qalan ailələrin suallarına cavab tapa bilmək üçün aidiyyəti orqanlara dəstək göstərməkdədir. Qlobal COVID-19 pandemiyası ailələrin çəkdikləri əziyyətləri bir qədər də artırıb.

BQXK itkin düşmüş şəxslərin talelərinin aydınlaşdırılması istiqamətində aidiyyəti qurumlarla sıx əməkdaşlıq edir. Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı Nümayəndəliyi bu istiqamətdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə birlikdə 3,800 itkin düşmüş şəxs haqqında ətraflı məlumat toplanılmasını başa çatdırıb və öz zəngin təcrübəsini Dövlət Komissiyası ilə paylaşmağa davam edir.

BQXK tərəfindən itkin düşmüş şəxslərin ailələrinə dəstək olmaq üçün onların keçirdikləri kompleks hissləri, yaşadıqları qeyri-müəyyənlik vəziyyətini və bununla necə başa çıxdıqlarını əks etdirən video hazırlanıb.