Alimlər qida rasionunda bitki pəhrizinə üstünlük verməyi təklif edirlər

0
366

Əsasən bitki mənşəli məhsulların daxil olduğu pəhrizə keçid, məsələn, taxıl, paxla, meyvə və tərəvəz, təkcə insanın sağlamlığı üçün deyil, həm də ətraf mühit üçün faydalıdır. Lakin qida rasionuna dair milli tövsiyələrin əksəriyyəti hələlik bu yanaşmaya uyğun gəlmir.

Bunlar milli pəhrizə aid tövsiyələrin təhlilinə və onun insan sağlamlığına və ətraf mühitə təsirinə həsr olunmuş tədqiqatın ilk nəticələridir. Bu analiz dünyanın 85 ölkəsində aparılıb.

Məsələ ilə bağlı araşdırmalar aparmış Oksford, Harvard, Taftsa və Adelaide universitetlərinin alimləri hesab edirlər ki, “ərzaq məhsullarının istehsalı ətraf mühitə daha çox dağıdıcı təsir göstərir. Bu baxımdan qida rasionunda bitki pəhrizinə üstünlük verilməsi, torpaqdan istifadəyə, şirin suyun çıxarılmasına və bioqeokimyəvi axınlardan (gübrələrdən) istifadəyə məhdudiyyətlərin tətbiq edilməsi ətraf mühitə dağıdıcı təsirin gücünü azalda bilər”. Araşdırmanın nəticələri 2020-ci ilin iyulunda Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit üzrə Proqramının (UNEP) himayəsi altında nəşr edilib.

Ekspertlər hökumətlərə heyvan mənşəli məhsulların, o cümlədən mal və süd məmulatlarının istifadəsinin məhdudlaşdırılmasına dair daha dəqiq tövsiyələr dərc etməyi təklif edirlər.

“Meyvə və tərəvəzin az, qırmızı və emal olunmuş ətin isə yüksək miqdarda olduğu pəhrizlər ümumən dünyada və regionların əksəriyyətində insanların sağlamlığı üçün ciddi təhlükə yaradır. Çünki ürək-damar xəstəlikləri, ikinci tip xərçəng və diabet kimi qeyri-sağlam qidalanma ilə bağlı xroniki xəstəliklər bahalı müalicə tələb edir”, – deyə məruzədə bildirilir.

Bu gün qlobal istixana qazlarının bütün emissiyalarının dörddə biri kənd təsərrüfatının payına düşür. Koronavirus pandemiyasına qədərki dövrdə insanların gəlirlərinin yüksək olması mal və süd məhsullarından daha çox istifadə edilməsinə gətirib çıxarıb. Həmin məhsulların istehsalının əsasən CO2 və metan emissiyalarının artmasına səbəb olması alimləri ciddi narahat edir.

UNEP zəngin ölkələri heyvan mənşəli ərzaqdan və yüksək səviyyədə hazırlanan qida məhsullarından həddindən artıq istifadə edilməsini məhdudlaşdırmağa və ən yoxsul ölkələrdə insanların sağlam qidalanması üçün əlverişli şərait yaratmağa çağırıb. Onların fikrincə, yalnız bu yolla torpaqdan istifadənin səmərəliliyini artırmaq və bütün dünyada qida bolluğu yaratmaq mümkündür.

UNEP nümayəndəsi Niklas Hagelberg xatırladıb ki, istixana qazlarının emissiya səviyyəsi əsasən hansı yeməklərə üstünlük verməyimizdən asılıdır və təkcə hökumətlərin verdiyi tövsiyələr və qidalanma qaydaları bu problemin həlli üçün kifayət etməyəcək. Onun fikrincə, “ölkənin kənd təsərrüfatı strategiyasına uyğun məqsədyönlü və ardıcıl siyasətin” aparılması bu gün daha vacibdir.