Yorğan yanğınından keçən qəzet sevgisi

0
1369

Bütün mətbuat nümayəndələrinin bayramını təbrik edirəm!
İlk dəfə mətbuata bağlanmağımın səbəbi haqda fikirəşirəm. Amma tapa bilmədim…
Xatirələrimi sizinlə bölüşürəm. Bəlkə sizin köməyiniz dəyər.
4-5 yaşım olandan şəkillərini çəkərək öyrəndiyim hərfləri bir-birinə qoşub yazıb-oxuduğum ilk vaxtlarda harda balaca qəzet parçası olsa götürüb oxuyurdum. (zibil kimi küçəyə atılsa belə). Gözlərimdəki problemlə bağlı həkim tövsiyəsindən sonra evimizdəkilər hamıdan kiçik olan mənə qadağa qoydular. Sonra yorğanın altında şam qoyub oxumaq istədiyim vaxt yanğın təhlükəsi ilə üzləşdiyim də yadımdan çıxmayıb.
Qəzetlərdə ilk yazılarım isə mən 9-cu sinifdə oxuyarkən dərc olunmağa başladı. İlk dəfə ”Azərbaycan gəncləri” qəzetində günümün çoxunun keçdiyi klub kitabxanası barədə yazımın dərc olunması sevincini bu gün də yaşayıram.
Klub kitabxanasından başlayan yazılarım az sonra komsomolçu-gənclər briqadalarını,zavod, fabrik, məktəb, tənha yaşayanlar, əlillər və bir az da sonra zavod qəzetinin operativ məlumatları , daha sonra “Səhər” qəzetində işləyərkən müxtəlif peşə sahibləri, müəssisə rəhbərləri, nazirlərlərlə müsahibələr , Milli Məclis, Prezident Aparatı, Nazirlər Kabinetindəki iclaslardan reportajlara qədər, bəlkə də yadımdan çıxan çox sahəni əhatə etmiş oldu.
Özümün şəxsi qəzetimin olmasının zamanı isə bu sahədə mövcud durumun çox acınacaqlı vaxtlarına təsadüf etdi. Mətbuat orqanların saysız həddi, bu sahəyə etibarın azalması mənim mübarizə əzmimi qırdı. Amma bu müvəqqəti oldu. ..
İctimai Nəzarət Koalisiyasının sədri, DAMM-nin I vitse -prezidenti, SİMİB-nin rəhbəri, sevimli ictimai xadimimiz Rasim Məmmədovun mənə olan inamı, dəyərli qardaş tövsiyələri, mənəvi dayağı mübarizə əzmimi geri qaytardı. İNK-nın mətbuat xidmətinin rəhbəri kimi şərəfli bir vəzifənin mənə həvalə edilməsi mənim bütün qəlbimlə mətbuata daha sıx bağlanmağa, mətbuatın bütün ağrı-acılarına baxmayaraq, haqlı-haqsız, sevincli-kədərli, doğru və yalan, günah və səhv nüansları ilə birgə həyatımın çox önəmli bir hissəsinə çevrilməsinə səbəb oldu. Fikirlərimi, gördüklərimi, hisslərimi qələmə almaq bacarığına nə qədər yiyələnmişəm bilmirəm, əsas odur ki, yazının əvvəlində verdiyim sualın cavabını tapdım:Yazmaq ehtiyacı. Uşaq vaxtımdakı oxumaq ehtirası yazmaq ehtirasına çevrildi.
Və hər dəfə də əlimə qələm alanda tanınmış jurnalist Hidayət Elvüsalın bu sözləri yadıma düşür: “Nə yazırsan? Nədən yazılrsan? Niyə yazırsan? Yazmağa başlayanda bunları düşün.”
Və hər cümləni yazanda 2 dəfə əməkdar mədəniyyət işçisi Şakir Yaqubovun cavan vaxtımdan unutmadığım sərt baxışlarını üzərimdə hiss edirəm. Və sonralar necə kövrək, həssas, böyük ürək sahibi olduğunu bildiyim bu insanın dəyərli tövsiyələri qulağımda səslənir.
Və hər gün məni Mətbuat aləmindəki varlığımın, “Kommunist” qəzetində, “Səhər” qəzetində yazılarımın dərc olunmağının əsas səbəbkarı, qələmimdən süzülən bütün yazılarımı hər zaman yüksək qiymətləndirən əməkdar mədəniyyət işçisi Məzahir Süleymanzadəyə ömrümün axırına kimi borclu olduğumu düşünürəm.
Mətbuatı bu insanların simasında görməyimdən, mətbuatın onların səviyyəsinə qayıtmağını arzulamağımdan heç kəs inciməz, inşaallah.
Bu şəxsləri tanıyan milyonların içərisindən minlərlə insanın mənimlə razılaşmasına da şükürlərimlə birlikdə əminəm.
Mətbuata onların gözü ilə baxmaqdan fəxr duyuram.
Bayramınız mübarək, əziz mətbuat işçiləri!

Sənubər

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here