Barıt qoxulu Tovuzdan FOTOREPORTAJ

0
343

İyulun 12-dən etibarən Azərbaycan – Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın təxribatı hərbi məsələlərlə yanaşı, müzakirə mövzularının da ağırlıq mərkəzini təşkil edir.

Ermənistan təxribatının koordinatlarını Azərbaycanın sərhədinə yönəltməsinin nüvəsində işğalçılıq doktrinasının məzmununu daha aydın şəkildə bəyan edir.

Ermənistan Tovuzda “ikinci Ağdam” ssenarisini həyata keçirməklə, əslində, beynəlxalq ictimaiyyətdə guya özünün sərhədinə qarşı təhlükə olduğu qənaətini formalaşdırmaq istəyir.

Yerevanın bu istəyi beynəlxalq aləmdə dəstək qazana bilmir. Digər bir tərəfdən, Azərbaycan ictimaiyyətinin özündə olan ruh yüksəkliyi və müharibə əzmi də beynəlxalq ictimaiyyətin diqqətindən yayına bilməz.

Azərbaycan cəmiyyətinin haqlı etirazlarının növbəti “toplanma” məntəqəsi Tovuzun Ağdam kəndidir. İyulun 12-dən etibarən Ermənistanın Azərbaycan sərhədinə təcavüz etmək cəhdlərində Ağdam kəndi kilid nöqtəsinə çevrilib.

Amma Azərbaycan Ordusunun əks-tədbirləri də Ermənistanın arzusunu ürəyində qoyur. Belə bir məqamda isə xalqın Azərbaycan Ordusunun yanında olması, həmrəylik nümayiş etdirməsi gözdən yayına bilməz.

Bu həmrəyliyin daha bir nümunəsini müşahidə edirik.

Avtomobilin təkərləri Ağdam kəndinə doğru şütüdükcə, daxilimizdəki əzm və mübarizə ruhu cuşa gəlir – buna görə, Ağdam kəndinin girişinə yığılıb bir ağızdan “Vətən” deyənlərə baxmaq kifayətdir.

Avtomobili saxlayırıq, izdiham selinə yaxınlaşırıq, özümüzü təqdim edib simalarında cəsarətlə mübarizliyi təcəssüm olunan vətəndaşlarımıza suallar ünvanlayırıq.

Azərbaycanın müxtəlif regionlarından Ağdamın girişinə gələrək, təmas xəttinə getmək ehtiraslarının alovlandığını müsahibimiz Musayev Səyyar Lətif oğlu da deyir.

Səyyar Şəmkirdən Ağdam kəndinə döyüş üçün, kömək üçün yollandığını deyir. Danışdıqca, fikirlərində israrlılıq və qətiyyət duyulur.

Səyyar deyir ki, səfərbərlik elan olunsa, müharibəyə qatılmağı qarşısına birinci məqsəd qoyub.

“Biz adımızı da qeydiyyata saldırmışıq ki, döyüşlərdə iştirak edək. İnşallah, bizi çağırıb komanda verəcəklər və biz düşmənlə döyüşəcəyik”, – deyə S.Musayev bildirir.

O deyir ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə döyüşə getməyə hazırdırlar.

Danışdırdığımız digər vətəndaşlarımız da eyni mövqeni bölüşürlər. Bu məqamda Tovuzun deputatı Qənirə Paşayevanın ağır addımlarla insanların dövrəsində addımladığını görürük. Qənirə xanım insanları səbrlə dinləyir, Azərbaycan Ordusunun bundan sonra da adekvat və qətiyyətli cavablar verəcəyini bildirir.

Kəndin girişində polis postu da qurulub, məqsəd əhalinin təhlükəsizliyini təmin etməkdir.

Azərbaycan xalqının iyulun 12-dən etibarən dörd şəhid verməsi izdihamı kədərləndirir, amma bu gözlərdə yumurlanan yaş damcılarında milli qürur və milli ləyaqətin də nişanələri çoxdur.

Axı Ağdam kəndi dünən şəhidini – Elşad Məmmədovu dəfn etmişdi. Şəhidin dəfnindən sonra sanki torpaq da, daş da, əhalinin səsinə səs verir. Eləcə də, Ermənistanın artilleriya atəşləri nəticəsində şəhid olan digər üç hərbçimiz də anılır. Ruhunuz ŞAD olsun, şəhidlərimiz!