Ağsuda bayrağımıza hörmətsizlik edilib? – Açıqlama

0
707

Ağsu rayonun Bico kənd icra nümayəndəliyinin qarşısında dalğalanan bayrağın baxımsız vəziyyətdə olması barədə yayılan məlumatlar əsassızdır.

Bunu  açıqlamasında sosial şəbəkələrdə yayılan məlumatlara cavab olaraq Bico kənd icra nümayəndəsi Bəhlul Mahmudov deyib. O bildirib ki, yayılan məlumatlar qərəzlidir:

“Sosial şəbəkələrdə Ağsu Rayon İcra Hakimiyyətinin Bico kəndi üzrə ərazi nümayəndəliyinin qarşısında guya parçalara ayrılmış Azərbaycan bayrağının asıldığı barədə foto-məlumat paylaşılıb. Təəssüflər olsun ki, bəzi xəbər saytları da məsələni araşdırmamış məlumatı dərc ediblər. Fotodakı bayraq şəklinin Bico kənd ərazi nümayəndəliyinə heç bir aidiyyəti yoxdur və həmin şəkildəki parçalanmış bayraq başqa ərazidə çəkilib”.

İcra nümayəndəsi onu da qeyd edib ki, kənddə dalğalanan bayraq iyunun 21-də güclü külək səbəbibdən süzüldüyü üçün elə həmin gün yenisi ilə əvəzlənib:

“İyunun 21-də Bico kəndi ərazisində güclü külək olub və həmin vaxt kənd ərazisində bir neçə fərdi yaşayış evinin həyətyanı sahəsində yanğın başlayıb. Mən də nümayəndəlikdən çıxıb yanğın olan əraziyə yollanmışam. Axşam saatlarında yanğının qarşısı alınıb və nümayəndəliyə qayıdanda görmüşəm ki, inzibati binanın qarşısındakı bayraq küləyin gücündən süzülüb. Dərhal bayraq çıxarılıb və yenisi ilə əvəzlənib. Kənd ərazisində yaşayan bəzi şəxslər qərəz nümayiş etdirərək hardansa köhnə və cırılmış bayraq fotosu taparaq, şəkli sosial şəbəkələrdə paylaşıb. Bir daha qeyd edim ki, sosial şəbəkədə paylaşılan şəkil Bico kənd Ərazi Nümayəndəliyinin qarşısından çəkilməyib”.