Nazirdən işsizlik səviyyəsi ilə bağlı AÇIQLAMA: “Birdəfəlik ödəmə almaq…”

0
332

“Birdəfəlik ödəmə proqramı təkcə işsizləri deyil, qeyri-formal çalışan və xüsusi karantin rejimi dövründə müvəqqəti olaraq qazancını itirmiş şəxsləri, vaxtamuzd çalışanları, habelə iqtisadi qeyri-fəal əhalini də əhatə etdi, bu, aztəminatlı şəxslərin minimum ehtiyaclarını ödədi”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev birdəfəlik ödəmə (190 manat) alanların sayının işsizlik səviyyəsi ilə əlaqələndirilməsi məsələsinə aydınlıq gətirərkən deyib.

Bildirilib ki, şəxsin məşğulluq xidməti orqanlarında işsiz kimi qeydiyyatı üçün əvvəlcə o, işaxtaran kimi qeydə alınır, bəlli bir müddət ərzində həmin şəxsə münasib iş təklif olunmadıqda, işsiz kimi qeydiyyata alınır:

“Birdəfəlik ödəmə proqramına başlanarkən həmin insanların pandemiya dövründə daha çevik şəkildə, qısa müddətdə maddi dəstəklə təmin edilməsi prinsipi üstün tutuldu. Buna görə də Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli, 127 nömrəli qərarı ilə təsdiq olunmuş qaydalara əsasən, bu kateqoriyadan olan şəxslərin “e-sosial” portalı üzərindən onlayn müraciətləri əsasında dərhal işsiz kimi qeydiyyata alınmasına şərait yaradıldı.

Birdəfəlik ödəmə üçün müraciət edənlər sırasında işsizlərlə yanaşı, çoxsaylı məşğul şəxslər, xüsusi karantin şəraitində qazancını itirən qeyri-formal işləyən şəxslər, habelə iqtisadi qeyri-fəal şəxslər (yəni işləmək istəməyən, heç bir zaman iş axtarmayan və yalnız ev işlərini yerinə yetirən, ailə üzvlərinə qulluq edən və sair) də oldu. Bu şəxslərin hamısının işsizlərə aid edilməsi, əlbəttə, düzgün deyil və sadə dillə desək, faktların təhrif edilməsidir”.

“İşsizliyin səviyyəsinə gəldikdə, onun ölçülməsində dünyada ən mütərəqqi yanaşma kimi Beynəlxalq Əmək Təşkilatının metodologiyası götürülür. Həmin metodologiyaya əsasən, yalnız əmək qabiliyyətli yaşda olan o şəxslər işsiz sayılır ki, onların müayinə keçirilən dövrdə qazanc (gəlir) gətirən məşğuliyyəti olmasın, son bir ayda aktiv iş axtarsın və iş təklif edildiyi andan ən geci iki həftə ərzində işə başlamağa hazır olsun.

Bu zaman muzdla işləyən şəxslər, fərdi sahibkarlar (o cümlədən, işəgötürən və ya sabit vergi ödəyiciləri kimi fəaliyyət göstərənlər), ev təsərrüfatlarında məşğul olanlar, mülkiyyətdən qazanc əldə edənlər, iqtisadi qeyri-fəal əhali nəzərə alınmır.

Başqa sözlə, işsizlik bütün dünyada iqtisadi qeyri-fəal əhalinin deyil, iqtisadi fəal əhalinin məşğul olmayanlarını özündə ehtiva edir”, – deyə nazir əlavə edir.