Deputat: “Koronavirusa qalib gəlmək bizim intizamımızdan və məsuliyyətimizdən çox asılıdır”

0
276

Ölkəmizdə koronavirus infeksiyası ilə mübarizədə dönüş bizim intizamımızdan və məsuliyyətimizdən çox asılıdır və biz bu dönüşə mütləq nail olmalıyıq.

Bunu Milli Məclisin deputatı Kamran Bayramov deyib.

K.Bayramov bildirib ki, xüsusi karantin rejiminin yumşalmasına baxmayaraq, Operativ Qərargah tərəfindən qoyulan tələblərə hər kəs riayət etməlidir:

“Hər birimiz anlayırıq ki, bugünkü vəziyyət yorğunluğumuza, məişət və digər həyati problemlərin yaranmasına səbəb olub, adi həyat tərzimiz pozulub. Böyük əksəriyyətimiz üçün dörd divar arasında qalmaq olduqca çətindir. Lakin, çox təəssüf ki, indi çıxış yolumuz yoxdur. Özünütəcrid rejiminə alışmalıyıq, dözməliyik.

Xüsusi dəyəri olan odur ki, qeyd etdiyim intizam və məsuliyyət hər gün cəmiyyətimizin möhkəmliyini, həmrəyliyini və birliyini göstərir, koronavirus pandemiyasına qalib gələcəyimizə böyük ümid verir! Bu gün həkimlərimiz və tibb işçilərimiz fədakarcasına fəaliyyət göstərirlər.

Bəlkə də, son onilliklər ərzində ilk dəfə olaraq onların işinin vacibliyini, əvəzedilməzliyini bu qədər dərindən dərk etdik. Bu gün pandemiya ilə mübarizədə çoxsaylı könüllülərimiz, sadə vətəndaşlarımız, jurnalistlərimiz öz səviyyəsində töhfələrini verirlər. Gəlin, onların əməyini yerə salmayaq, əksinə onlara öz dəstəyimizi göstərək – xüsusi karantin rejiminin yumşalmasına baxmayaraq, Operativ Qərargah tərəfindən qoyulan tələblərə, tətbiq edilən məhdudiyyətlərə ciddi riayət edək, şəxsi gigiyena qaydalarına əməl edək, sosial məsafə tələbini gözləyək! Bu çətin dövrdə yüksək vətəndaş məsuliyyətini, bu gün bizdən tələb olunan ən yüksək insani keyfiyyətlərimizi nümayiş etdirək”.