Uşaqları yeni virusdan qorumaq üçün bunlar VACİBDİR- Tanınmış pediatr AÇIQLAYIB

0
83

Koronavirus COVİD-19 yeni növ xəstəlik törədici olduğu üçün onunla mübarizə onu öyrənməklə paralel aparılır. Bu gün dünyanın inkişaf etmiş ölkələri bu xəstəlikdən qurturmaq yollarını axtarırlar. Hazırda ən inkişaf etmiş ölkələr belə bu xəstəliklə mübarizədə böyük problemlərlə qarşılaşır. Risk qrupuna daha çox yaşlı əhalinin, xroniki xəstəlikləri olan insanların, səhiyyə işçilərinin daxil olduğu hər zaman vurğulanır. Daha əvvəl uşaqların bu virusa nadir hallarda yoluxduğu, xəstəliyi çox yüngül keçirdikləri bildirilsə də, dünya təcrübəsi göstərir ki, əslində 5 yaşından aşağı olan uşaqlar da risk qrupundadırlar.

Uşaqları koronavirus-COVİD-19-dan necə qorumalıyıq. Pediatr-reanimatoloq Telman Aytayevin cavabını təqdim edirik:

Bu zamana olan statistik məlumatlara görə, dünyada koronavirusa yoluxanların sayı 1 474 860 nəfər, ölənlərin sayı  87 376 nəfər təşkil edir. Bunlar çox böyük və ciddi  rəqəmlərdir. Bu gün hər birimizdən tələb olunur ki, özümüzü, uşaqlarımızı və yaxınlarımızı bu virusdan qorumaq üçün ölkəmizdə tətbiq olunan bütün qaydalara ciddi riayət edək. Hamıya məlumdur ki, xroniki xəstəlikləri olan və yaşlı insanlar bu xəstəliyə tez yoluxur və ağır formada keçirirlər.  Lakin dünya təcrübəsi göstərdi ki, uşaqlar da bu virusa yoluxur və bəzi hallarda bu xəstəliyi ağır formada keçirirlər.

Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, Çində koronavirusa yoluxmuş 72 000 nəfərin 2,5%-ni 18 yaşından aşağı olan insanlar təşkil edib.

Çin pediatrları koronavurusa yoluxmuş 2 400 uşağın bu xəstəliyi necə keçirməsini müşahidə ediblər. Müşahidələr göstrib ki, yenidoğulmuşlar, 1 yaşına qədər olan uşaqlar və xroniki xəstəlikləri olan uşaqlar  bu xəstəliyi ağır formada keçirirlər. 1 yaşına qədər uşaqlarda immun sistemi  hələ yaranmadığı üçün onlar da risk qrupuna daxildirlər. Bir qədər böyük uşaqlarda bu xəstəlik yüngül və bəzi hallarda ümumiyyətlə, simptomsuz keçir. Üzdən sağlam görünmələrinə baxmayaraq, onlar virus daşıyıcısı ola bilərlər və bu xəstəliyi digər insanlara keçirə bilərlər. Buna görə  valideynlər uşaqların izolyasiya və  gigiyenik qaydalarına ciddi riayət etməlidirlər. Uşaqlara axar suyun altında əllərini yumağı öyrətmək  və səbəbini anlatmaq lazımdır. Əlləri maye sabunla yuduqda virus asanlıqla xaric olur. Bəzi hallarda uşaqlar nənə, babalarına və digər qohumları ilə birgə, qonşuluqda olurlar. Karantin müddətində uşaqların qohum və ya qonşuya qonaq getməsini, evə qonaqların dəvət edilməsini tamamilə dayandırmaq tələb olunur. Uşaqları mümkün qədər evdə saxlamaq lazımdır, belə ki, virus istənilən  səthin üzərində 48 saata qədər qala bilir. Uşaq paltarlarını və oyuncaqları tez-tez yumaq lazımdır.  Əgər uşaqda hər hansı bir xəstəliyin simptomu olarsa, uşağı xəstəxanaya aparmamaq və həkimi ilə telefonla əlaqə saxlamaq lazımdır. Bütün tələb olunan karantin və gigiyenik qaydalara ciddi riayət etməklə uşaqları koronavirusdan qorumuş olarıq.