Türkiyədə Azərbaycana gələ bilməyənlərin kirayə haqları ödənilir

0
111

Türkiyədə Azərbaycana gələ bilməyənlərin kirayə haqları ödənilir

“Cənab Prezidentin və Birinci vitse-prezidentin tapşırığına uyğun olaraq Türkiyəyə mart ayında – turist kimi, yaxud səhhəti ilə bağlı müvəqqəti gələn və geri qayıda bilməyən Azərbaycan vətəndaşlarına, tələbələrə dəstək göstərilib”.

Bunu Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim “Real TV”yə açıqlamasında deyib.

Diplomatın sözlərinə görə, bu günə qədər səfirlik vasitəsilə ölkə rəhbərliyin tapşırığına uyğun olaraq 8 mindən çox vətəndaşımıza qida, yataqxana ilə bağlı dəstək, yardım göstərilib:

“Səfirliyimizin internet səhifəsi üzərindən xüsusi forma doldurulur və ehtiyaclar qeyd olunur. Xüsusi qeyd etmək istəyirəm ki, bu yalnız o vətəndaşlara şamil edilir ki, həqiqətən də, qısamüddətli Türkiyəyə gəliblər və geri dönə bilməyiblər. Bizə müraciətlərin sayı 15 mindir. Hər gün səfirliyimiz 24 saat fəaliyyətdədir. Bu işləri yerinə yetiririk.

Qısamüddətli gələn Azərbaycan vətəndaşlarının kirayə haqları da ödənilir. Həmin şəxslər bizə müraciət edərək formanı doldururlar və harada qaldıqlarını qeyd edirlər. Biz də onların qaldığı yerə – yataqxanaya, yaxud şəxsi evin sahibinə həmin kirayə haqqını köçürürük. İndiyədək 1000-ə yaxın bu kateqoriyadan olan Azərbaycan vətəndaşına yardım edilib. Bu, daimi yaşayanlara aid edilmir”.

Səfir bildirib ki, Azərbaycan Türkiyədən tibbi ləvazimatlar da alır:

“Türkiyə bu yaxınlarda müxtəlif dövlətlərə təmənnasız yardımlar göndərib. Bu sahədə Azərbaycan Türkiyədən müəyyən tibbi ləvazimatları satın alır. Digər tərəfdən, ekspertiza mübadiləsi var. Türkiyə bizə çox kömək edir. Bizim həkimlər türkiyəli həmkarları ilə sıx əməkdaşlıq edirlər. Nəyə ehtiyac olursa, Türkiyə Azərbaycanla bağlı özəl münasibət göstərir və bizim heç bir istəyimiz cavabsız qalmır”.