Şəhidin “qan pulu”na görə 8 qardaş və bacı üz-üzə gəldi: hamısı öz payını istəyir

0
179

Azərbaycanda hər kəsi təəccübləndirən daha bir məhkəmə prosesi keçirilir. Bu dəfə şəhidimizin ailə üzvləri arasında şəhidliyə görə verilən “qan pulu” ilə bağlı məhkəmə çəkişməsi gedir.

1994-cü ildə Qarabağ döyüşlərində şəhid olan Ramiz Cuquyevin qardaş və bacıları məhkəmədə üz-üzə gəliblər.

Şəhid Ramiz Cuquyev Tərtər rayon sakini olub, onun ailə üzvləri də hazırda həmin rayonda yaşayırlar.

Xatırladaq ki, uzun illər Qarabağ döyüşlərində şəhid olanların ailə üzvlərinə ediləcək birdəfəlik ödəmə, “qan pulu” ilə bağlı müzakirələr gedirdi. Ötən ildən etibarən həmin birdəfəlik ödəmələrin edilməsinə başlanıldı. Həmin məbləğ 11 min manat təşkil edir.

“Qan pulu” alanlardan biri də şəhid Ramiz Cuquyevin ailə üzvləri olub. Onun atası və anası vəfat edib. Ramiz Cuquyevin 9 bacı və qardaşı var.

Razılığa əsasən həmin məbləğ onlar arasında bölünməli imiş. Bacı və qardaşlar öz aralarında bir nəfər seçərək, ona etibarnamə veriblər. Pul alındıqdan sonra aralarında bölməli imişlər.

5 qardaş və 4 bacı razılaşıblar ki, aralarından Siyavuş Cuquyev həmin pulu alsın. Belə də olub və Siyavuş Cuquyev pulu alıb. Amma problem də elə bundan sonra başlayıb.

Siyavuş Cuquyev aldığı pulu qardaş və bacıları arasında bölməyib. Onlardan sadəcə, bir nəfəri – Mürşüd Cuquyev ona düşən paydan imtina edərək Siyavuş Cuquyevə verib.

Digər 4 bacı və qardaş isə pullarını tələb edərək, məhkəməyə müraciət ediblər. Məhkəmə belə qərar çıxarıb ki, həmin məbləğ onlar arasında bölünməlidir. Qərara əsasən 8800 manat Siyavuş Cuquyevdən alınaraq digər 8 nəfərə 1100 manat olaraq ödənməlidir.

Amma Siyavuş Cuquyev bununla razılaşmır. Deyir ki, bacı və qardaşları ona etibarnamə verəndə pulu istəmirləmiş. Onu da əlavə edir ki, həmin pulu qardaşı Rasim Cuquyevə borc verib. Rasim Cuquyev isə deyir ki, qardaşı Siyavuş yalan danışır. Ona pul verməyib.

Digər bacı və qardaşlar isə deyir ki, Siyavuş Cuquyev onları aldadıb və pulu ələ keçirib.

Siyavuş Cuquyev yuxarı instansiya məhkəmələrinə müraciət edərək, özünün xeyrinə qərar çıxarılmasını istəyir.