Neft uğrunda yeni müharibə: ABŞ xüsusi ordu yaratdı, Rusiya və İran…

0
99

ABŞ Suriyada PYD/YPG terrorçularının əlindəki neft sahələrində nəzarəti gücləndirmək üçün yeni ordu qurur.

 PYD/YPG-nin tərkibindəki ərəb əsilli yüzlərlə döyüşçü xüsusi hərbi birliyə daxil edilib.

Yeni ordu Fərat çayının şərqindəki neft sahələrinin təhlükəsizliyini qoruyacaq və Deyrizor bölgəsindən Fərata qədər olan ərazidə İrana bağlı silahlı qruplarla mümkün toqquşmalarda iştirak edəcək.

Yerli mənbələrin məlumatına görə, PYD/YPG üzvləri aylıq 100 dollar maaş alsalar da, yeni ordunun tərkibindəki döyüşçülərin maaşı 350 dollar olacaq. Hərbi birliyin üzvləri Suriya-İraq sərhədindəki Haseke əyalətinin Şəddadi bölgəsində təlim keçəcək. Minə yaxın üzvü olan birlik birbaşa ABŞ əsgərlərinə bağlı olacaq.

Fəratın şərqindəki ərazilər uğrunda ABŞ-Rusiya mübarizəsi davam edir. Məlumatlara görə, 5 gün öncə ABŞ-ın yüksək rütbəli hərbçilərini daşıyan hərbi karvan Aynulərəb bölgəsinin cənubundakı Harak İşık bazasını ziyarət edib. Hərbi karvan Rusiyanın hərbi polisinin olduğu Sırrin bazasının yaxınlığından keçərkən, bazadakı rus əsgərləri döyüşə hazırlıq vəziyyətinə gətirilib. Amerikalı hərbçilər daha sonra Rakkaya gedərək, buradakı iki bazanı və PYD/YPG-nin istifadə etdiyi iki bazanı ziyarət ediblər.

ABŞ Suriyanın şimalındakı hərbi bazalarını 2019-cu ilin oktyabrında Türkiyənin “Sülh çeşməsi” əməliyyatına başladığı vaxt boşaltmışdı. Məlumatlara görə, ABŞ boşalan hərbi bazalarına yenidən qayıtmaq istiqamətində addımlar atır.