Koronavirusa yoluxan polislərlə bağlı daha bir AÇIQLAMA

0
52

Bu gün həkimlərlə yanaşı, polislər də koronavirusla mübarizədə ön cəbhədədirlər. Bunlar xüsusi risk qrupuna aiddirlər. Polislər xüsusi ilə karantin rejimini pozmuş şəxslərlə ünsiyyətdə olurlar. Həmin insanlar da polis əməkdaşlarının koronavirusa yoluxmasına şərait yaradıb.

Bunu Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev AzTV-də çıxışı zamanı bildirib.

DİN rəsmisi qeyd edib ki, polis əməkdaşları arasında da koronavirusa yoluxma halları aşkar edilib:

“Həmin əməkdaşlar xüsusi tibbi müəssisələrdə müalicə alırlar. Bəzən sosial şəbəkələrdə polislərə qarşı lazımsız ifadələr işlədilir. Mən o vətəndaşlara müraciət etmək istəyirəm. Bir halda ki, o polis koronavirusa yoluxub, öz ailəsini də yoluxdurub. Belə hallar da var. Həmin polis əməkdaşları tibb müsəssisələrində həyatda qalmaq uğrunda mübarizə apardığı bir halda, onlar barədə belə hörmətsiz ifadələr işlətməyi necə vicdanlarına sığışdırırlar? Belə şəxslərə bildirmək istəyirəm ki, hamısının şəxsiyyəti məlumdur və hər biri barəsində qanunvericilik müəyyən edilmiş qaydada ciddi tədbirlər görüləcək”.