Koronavirusa qarşı mübarizədə insan faktoru: Bəs ölkəyə yüklənən Kərimli və dəstəsi nə istəyir?

0
470

Dünya pandemiya ilə mübarizə aparır. Hər gün müxtəlif ölkələrdən virusa yoluxanlar, vəfat edənlərin sayı ilə bağlı dəhşətli statistika açıqlanır.

Millətindən, irqindən asılı olmayaraq hər kəs karantin rejimində yaşayır, dövlətlər insanlarını qorumaq üçün sərt, amma zəruri tədbirlər görməyə məcburdur. İqtisadi tənəzzülə baxmayaraq, dövlətlər hər şeyin fövqündə insan faktorunun dayandığının fərqindədir.

Prezident İlham Əliyev bunu 2020-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə də bildirib:

Çünki biz açıq-aydın başa düşürük ki, bu məhdudlaşdırıcı tədbirlər iqtisadiyyata ziyandır. Burada biz iki amil arasında seçim etməliyik – iqtisadi fəallıq, insanların sağlamlığı. Mənim seçimim birmənalıdır – insanların sağlamlığı. Ona görə bu məhdudlaşdırıcı addımlar atıldı. Biz, əlbəttə, bəri başdan bilirdik ki, bu, iqtisadi fəallığa mənfi təsir göstərə bilər, istər-istəməz müəyyən şayiələrin yayılmasına, iqtisadi sahədə müəyyən narahatlığa gətirib çıxara bilər. Biz bunu şüurlu şəkildə etdik ki, insanlarımızı, onların həyatını qoruyaq. Çünki bundan daha qiymətli heç nə yoxdur. İqtisadiyyat bir il tənəzzülə uğraya bilər, başqa il arta bilər, hər halda, hər şey nəzarət altındadır. Ona görə valyuta 

bazarında da bu gün heç bir təşvişə ehtiyac yoxdur”.

Azərbaycan pandemiyanın başladığı ilk günlərdən mübarizədə özünəməxsus yol seçən ölkələrdəndir. Dəfələrlə hətta ən yüksək beynəlxalq səviyyələrdə Azərbaycanın pandemiya ilə düzənli, planlı, məqsədyönlü mübarizə tədbirləri örnək göstərilir.

Azərbaycanın örnək mübarizəsi

Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb, sərhədlər bağlanıb, məktəblər, uşaq bağçaları, universitetlər fəaliyyətini dayandırıb, karantin rejimi tətbiq olunub, 15 minə yaxın Azərbaycan vətəndaşı xaricdən təxliyə edilib. Dövlət büdcəsindən Nazirlər Kabinetinə ilkin dövrdə 1 milyard manat ayrılıb. Azərbaycanda 3 aylıq ərzaq ehtiyatı var. Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb, Prezident, Birinci vitse-prezident bir illk maaşını həmin quruma köçürərək şəxsi nümunə göstərib.

Prezidentin Ehtiyat Fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon manat ayrılıb. Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə Azərbaycana bir gecədə 200 süni tənəffüs aparatı gətirilib. Koronavirus xəstələrinin müalicəsi məqsədilə “Yeni klinika” istifadəyə verilib. Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi açılıb. Zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün Ehtiyat Fonddan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97 milyon manat ayrılıb. Hər birində 200 çarpayı olan modul tipli 6 xəstəxananın quraşdırılması məqsədilə 14,8 milyon manat sərf olunacaq. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 44 min sahibkarlıq subyektində çalışan 304 min muzdlu işçinin əməkhaqlarının ödənilməsi üçün birbaşa maliyyə dəstəyi veriləcək. 292 min fərdi mikrobiznes subyektinə və fərdi sahibkarlara maliyyə dəstəyi nəzərdə tutulub. Yeni verilən bank kreditləri üzrə kredit zəmanəti dəstəyi üçün 500 milyon manatlıq proqram icra olunacaq. Həssas

əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqının dövlət tərəfindən ödənilməsi qərara alınıb. Elektrik enerjisindən istifadədə limit artırılıb. Minlərlə insana aprel-may aylarında aylıq 190 manat vəsait verilməsi prosesi başlayıb. Ümumilikdə dövlətin 2.5 milyard manatlıq dəstək proqramı 4 böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edəcək.

Qaydasız döyüşən virusa qarşı qaydalı döyüş

Azərbaycan Prezident və Birinci vitse-prezidentin koronavirus pandemiyası ilə mübarizəyə birbaşa təşəbbüs və nəzarəti gözlənilən nəticənin yaxın zamanda əldə ediləcəyinə inam yaradıb. Son günlər ölkəmizdə virusa yoluxanların sayının sağalanların sayından daha az olması, yoluxma sayındakı tədrici azalma məhz bu zəruri tədbirlərin nəticəsi kimi ortaya çıxır. Pandemiya ilə mübarizənin öz qaydaları var. Bu da bir döyüşdür, minlərlə, milyonlarla insanın qəsdinə dura biləcək ölümlə döyüş. Bu döyüşdə ölkələrin, o cümlədən Azərbaycanın ən sərt tədbirlərə əl atması anlaşılan və qəbulediləndir

İnsan həyatı, sağlamlığı hər şeyin fövqündə dayanmalıdır – dövlət başçısı dəfələrlə çıxışlarında məhz bu məqamı vurğulayıb. Dövlət vətəndaşını kənardan bəzilərinə sərt görünə bilən tədbirlərlə də olsa, qorumağa məcburdur, Bunun üçün milyonlarla vətəndaş qarşısında öhdəliyi var. Amma təəssüf ki, bu öhdəliyi anlamayanlar, yaxud da anlayıb hətta qoyulan tələblərə əməl edib dövlətlə bərabər həm də özü özünü qoruyanlar bu şəraitdən də yararlanmağa cəhd edirlər. Nədir onların istəkləri? Dünya pandemiya ilə vuruşduğu bir zamanda Azərbaycan heç bir karantin tədbiri görməsinmi? Sərhədlərini açıb ölkəni virusun qarşısında aciz duruma düşürsünmü?

Yaxud küçəyə xüsusi icazə ilə çıxmaq qərarını vaxtından əvvəl ləğv edib ticarət mərkəzlərini, “mallar”ı açsınmı? Axı,vətəndaşın özünü düşünmədiyi halda belə, dövlət onu qorumağa məcburdur, məhkumdur.

Xalq qarşısında öhdəlik və xidmət

Xalqa xidmət bunu tələb edir və indiki halda Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlər məhz bu öhdəlik və xalqa xidmətdir. ABŞ-da tarixdə ilk dəfə olaraq yüksək həddə fəlakət rejimi elan edilib. Fransa, Almaniya, İtaliya, digər ölkələrdə heç bir müzakirəsiz vətəndaşı nəzərə alaraq verilən qərarlar normal qəbul edildiyi halda, Azərbaycanda hətta daha düzənli və məqsədyönlü tədbirləri tənqid hədəfinə çevirmək kimin marağındadır? Doğrudanmi hər şəraitdən tənqid üçün yararlanmağa fürsət axtaranlar üçün Azərbaycan vətəndaşı, onu həyatı, sağlamlığı bu qədər önəmsizdir? Əgər önəmlidirsə, o zaman niyə məqsədyönlü təkliflər vermək əvəzinə ancaq qılıncın o biri başını çevirirlər? Xarici mətbuatda ölkədəki zəruri karantin tədbirlərini də siyasiləşdirmək cəhdi nəyə xidmət edir? Barələrində “5-ci kolon” ifadəsi işlədiləndə niyə bu qədər pəjmürdə olurlar? Əməlləri ilə bunu sübuta yetirənlərin adlarına etirazı bir başqa dözümsüzlükdür. Siyasət budurmu? Ölkənin yox, dünyanın ən ağrılı zamanında belə məhz insanları qorumaq üçün atılan addımları siyasiləşdirmək, virusdan da divident qazanmaq cəhdi, illərlə təkrarladıqları sözlərin əvvəlinə bir də koronavirus sözü əlavə edərək “yenilənmiş çıxış”la gündəmə gəlmək istəyi bu şəxsləri hələ də tərk etməyib. Biz hələ ölkədə son zamanlar məhz istifadəçi sayına görə internetə olan tələbatın artmasından yaranan problemləri “Əli Kərimliyə qarşı mübarizə” kimi qələmə vermək cəhdindən danışmırıq. Doğrudanmı, hamının işi-gücü qurtarıb, ancaq Əli Kərimi haqqında düşünür??? Nə özünüzü, nə sözünüzü bu qədər şişirdin. Dövlətin də, onun rəhbərinin də, bu dövləti və milləti sevən adi adamların da

indi bircə məqsədi var- dünyanı bürümüş fəlakətdən az itkiylə çıxmaq və dövləti, milləti qorumaq. Belədə heç vaxt yada düşməyən bir subyekt varsa, o da Kərimli və onun yanındakılardır.

Bu gün Kərimlinin yanında yer alanlar o möhtəşəm Xalq Cəbhəsini təmsil etməyənlərdir. Kimlər qaldı ki, orada ? Təbii ki, bu situasiyada Xalq Cəbhəsindən olmayanları böyük mənada xalqın sağlamlığı, dünyanı bürüyən pandemiyadan qorunması deyil, şəxsi maraqları və qazancları düşündürəcək, necə ki, düşündürür. Azərbaycan koronavirusla mübarizə apardığı bir zamanda onlar da Azərbaycana qarşı yükləniblər. Nə olacaq bəs? Əllərində imkan olsa, lap bir gündə 10 min nəfərin yoluxması da, 500 nəfərin ölməsi də eyinlərinə gəlməz, təki istəkləri düzəlsin, 

hakimiyyət yox, vəzifə ehtirasları təmin olunsun. Ona görə də səfərbər olunmalı olduğumuz vaxtda ayrı bir düzən sərgiləyir, ancaq “daş atmaqla” məşğuldurlar.

Fərqində deyillər ki, sanki hamımız eyni gəmidəyik

Kimsə iddia etmir ki, ölkədə hər şey qaydadır, heç bir problem yoxdur və ya olmayacaq. Amma başqa ölkələrdə bu problemlər yoxdurmu?

Türkiyə kimi bir ölkədə məhdudlaşdırma tədbirlərinin icrasında yol verilən qüsurlar daxili işlər nazirini istefaya məcbur etdi. Son anda şəxsən prezidentin iradəsi ilə vəzifəsini tərk etmədi.

Rusiyada artıq küçəyə çıxış xüsusi icazə ilə mümkündür və Putin son keçirdiyi videoiclasda aparılan mübarizə tədbirlərinin effektivliyindən narazılığını bildirərək hər gün ona məruz edilməsini tələb edib.

ABŞ-da Prezident Trampı daha ciddi addımlara sövq edən çağırışlar səsləndirilir.

Kimsə iddia etmir ki, belə bir zamanda Azərbaycanda hər şey qaydasındadır. Qərarlar verilir, ancaq həmin qərarların hazırlanması və icrasında sırf məmur təfəkküründən irəli gələn yanlışlıqlar da olur. Prezident dəfələrlə çıxışlarında “məmurlar xalqın xidmətçisidir” desə də, özünü xalqdan üstün sayan məmurlar hələ də var. Ölkə başçısının iradəsi əleyhinə olan

addımlarla insanlarda narazılıq yaratmaq cəhdləri də bəzən sezilir.

Ölkədə dünyanı bürüyən fəlakətlə mübarizə tədbirləri alınıb və demək olar ki, qüsursuz davam etdirilir. Bu tədbirlər həm də o tədbirləri aşağılamağa cəhd edənləri, karantini “özünütəcrid” adlandıranları, internet kanallarında dil qəfəsə qoymayanları və onların ətrafını da qorumaq üçündür. Amma bu mübarizəyə hər tərəfdən mane olanlar da var. Deməli, Azərbaycan təkcə koronavirusla yox, həm ondan yararlanmaq istəyən və hətta ondan əvvəl də ölkə üçün virusa çevrilən “daxili və xarici kolon”larla “döyüşür”.