Köçəryan həbs yerinə qaytarıldı

0
115

Ermənistanın sabiq prezidenti Robert Köçəryan aprelin 3-də paytaxt Yerevandakı “Erebuni” Tibb Mərkəzində müalicəsini başa vurub və “Kentron” cinayət-icra müəssisəsinə qaytarılıb.
Novator.az bildirir ki, Robert Köçəryan martın 7-də Yerevandakı “Nairi” Tibb Mərkəzinə aparılmış, martın 8-də “Erebuni” Tibb Mərkəzinə köçürülmüşdü. Onun ürək-damar sistemində problemlərdən (ürək ritminin pozulması, güclü başgicəllənməsi, yüksək qan təzyiqi) əziyyət çəkdiyi açıqlanmışdı.
1954-cü il təvəllüdlü Robert Köçəryan Azərbaycana qarşı işğalçı müharibənin rəhbərlərindən biridir. 1992-ci ildən Dağlıq Qarabağdakı separatçı rejimə başçılıq edib, 1997-ci ildən Ermənistanda baş nazir, 1998-ci ildən prezident postlarını tutub.
2008-ci il fevralın 19-da keçirilmiş prezident seçkisində hakimiyyət işğalçı müharibənin qaniçən liderlərindən olan Serj Sərkisyana ötürülüb. Müxaliflər paytaxt Yerevanda seçkinin rəsmi nəticələrinə davamlı etiraz aksiyaları keçiriblər. Martın 1-də aksiyalar hərbi güclə dağıdılıb, 8 mülki şəxs, 2 polis əməkdaşı həlak olub.
2018-ci ildə Serj Sərkisyan hakimiyyəti çökəndən sonra bu iş üzrə istintaq yenilənib. Xüsusi İstintaq Xidməti Robert Köçəryanı 1 mart 2008-ci il qırğınının istintaqına cəlb edib, 2018-ci il iyulun 26-da ona cinayət işi qaldırıb. Sabiq prezident dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmədə ittiham edilir. O, xüsusilə külli miqdarda rüşvət almaqda da günahlandırılır.
2018-ci il iyulun 27-də Robert Köçəryan 2 ay müddətinə həbs edilib, avqustun 13-də azadlığa buraxılıb. Həmin il dekabrın 7-də Robert Köçəryan yenə tutulub, 2019-cu il mayın 18-də pul girovu ilə azadlığa çıxıb. 2019-cu il iyunun 25-dən Robert Köçəryan yenidən həbsdədir, sentyabrın 12-dən isə Yerevanın Şenqavit rayonundakı ümumi məhkəmədə mühakimə prosesi gedir. Sabiq prezidentlər birgə general-polkovniklər Seyran Ohanyan, Yuri Xaçaturov və baş nazirin keçmiş müavini Armen Gevorkyan mühakimə olunur.
Robert Köçəryan ötən ilin oktyabr ayında Yerevandakı “İzmirlyan” Tibb Mərkəzində xoşxassəli şişdən əməliyyat olunub, dekabrda orada reabilitasiya mərhələsindən keçib.