Karantin dövrünü necə keçirmək lazımdır? – Psixoloq danışır…

0
210

Dünyada, koronavirus infeksiyasının (COVID-19) yayılma hallarının sayı sürətlə artmaqda davam edir. Bu səbəbdən demək olar ki, bütün dünyada karantin rejimi elan olunub. Ölkəmizdə də bu infeksiyanın qarşısını almaq üçün ciddi tədbirlər görülür. Pandemiyaya görə, evlərində özünütəcrid edən insanlar bəzən darıxdıqlarını, psixologiyalarına bunun mənfi təsir etdiklərini deyirlər. Bəs, əslində bu vəziyyətdə necə davranmaq lazımdır?

Mütəxəssis fikrini öyrənmək üçün Psixologiya elmi üzrə fəlsəfə doktoru İsayeva Amaliya xanıma müraciət edilib.

Əməkdaşımızla söhbətində həkim bu cür vəziyyətlərdən çıxış yolunun hər insanın öz əlində olduğunu deyib.

“Əslində darıxmaq istəyən insan, hər vəziyyətdə darıxacaq. Onun həyatı adi qaydada olanda da belə davranır. Hazırda həmin insanların zəif nöqtələri aşkara çıxıb, yəni cəmiyyətin zəif bəndləri üzə çıxıb. İkincisi, hər bir intelektual, ağıllı, dərrakəli insan özünə hər zaman məşğuliyyət tapır. Baxın, insanları həbs edəndə, onlara ən ağır cəza olaraq,  tək adamlıq kameraya yerləşdirirlər və insanlarla ünsiyyətdən təcrid edirlər. Şükür Allaha ki, biz bu vəziyyətdə deyilik. İşığımız var, qazımız var, doğmalarımız yanımızdadır. Yəni heç nə dəyişməyib. Bir çoxları mənim kimi evdən işləyirlər. Bir daha təkrarlayıram, o insanlar vaxtilə psixoloji problemləri olanlardır ki, belə davranırlar. Onlara sadəcə bəhanə lazımdır”, – deyə Amaliya xanım qeyd edib.

Mütəxəssis insanlara vaxt çatışmazlığından  təxirə saldıqları işləri görməyi də tövsiyyə edib.

“Mənim fikrimcə, insanlar bunu bir fürsət kimi istifadə etsələr daha rahat olar. Neçə illər vaxt çatışmazlığından edə bilmədikləri işləri görsünlər. Məsələn, mən 20 ildir ki düşbərə bişirmirdim, hər zaman mağazadan alırdım. Bu zamandan istifadə edib düşbərə, cürbəcür kökələr hazırladım. Həmçinin, hamı bu vəziyyəti özləri üçün səmərəli etməyi bacarmalıdır. Ailələri ilə bir yerdə vaxt keçirsinlər, dincəlsinlər, kitab oxusunlar, təxirə saldıqları işləri görməyə çalışsınlar”,- deyə o, bildirib.

“Sonda demək istəyirəm ki, atalar yaxşı deyib “Pis günün ömrü qısa olar”. Vaxt gələcək bu günlər də keçəcək. Çalışaq hər bir pis vəziyyətin yaxşı tərəflərini görməyi bacaraq. Baxın,  bu dövrdə həmrəy olmağı, əlimizdə olanların qədrini bilməyi öyrənirik. İnandırım sizi bu vəziyətin də öz müsbət tərəfləri var. Hazırda bəlkə də insanlar bunu dərk etmir, ancaq zamanla hər bir şey öz yerini tutacaq. Ona görə insanlara tövsiyə edirəm səbirli olsunlar, öz sağlamlıqları üçün evdə qalsınlar”, – deyə A.İsayeva fikrini tamamlayıb.