Gürcüstanda 9 Aprel faciəsi qurbanlarının xatirəsi anılıb

0
157

Gürcüstanda 9 Aprel faciəsinin 31-ci ildönümü qeyd olunur.

Bu gün Gürcüstan ictimaiyyəti 1989-cu il aprelin 9-da ölkənin azadlığı və suverenliyi uğrunda həlak olanların xatirəsini yad edir.

Gürcüstanın aidiyyəti qurumların nümayəndələri aprelin 9-da Tbilisinin mərkəzi Rustaveli prospektindəki abidə önünə əklil və gül dəstələri qoyublar.

Azərbaycanın Gürcüstandakı səfirliyi də 9 aprel şəhidlərinin xatirəsinə ehtiramını bildirib, dövlət və hökumət rəsmilərinə başsağlığı verib.

Qeyd edək ki, 1989-cu il aprelin 9-da sovet qoşunları tərəfindən Tbilisinin mərkəzində, Gürcüstan parlamentinin binası qarşısında dövlət müstəqilliyinin tələbi ilə keçirilən dinc aksiya amansızcasına dağıdılıb.

Nəticədə 21 nəfər həlak olub, yüzlərlə insan yaralanıb.

Faciədən iki il sonra Gürcüstanın Ali Şurası 1991-ci il aprelin 9-nu dövlət müstəqilliyinin bərpası günü elan edib.

9 Aprel Gürcüstan tarixinə faciəvi günlə yanaşı, eyni zamanda, dövlət müstəqilliyinin bərpası günü kimi də daxil olub.