Ermənistanın “seçki” şousuna münasibət bildirməyən Avropa Şurası Azərbaycana şər, böhtan atmaqla məşğuldur”

0
246

Avropa Şurası işğal olunmuş Dağlıq Qarabağda keçirilən “seçki” şousuna heç bir münasibət bildirmədi. Cənab Prezidentin qeyd etdiyi kimi, bu təşkilat Azərbaycana şər, böhtan atmaqla məşğuldur.

Bunu TREND-Ə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, mart ayının sonunda isə işğalçı Ermənistan və separatçı rejim tərəfindən işğal olunmuş Dağlıq Qarabağda qondarma “seçkilər” keçirildi:

“Dünya ölkələrinin və beynəlxalq təşkilatların mütləq əksəriyyəti həmin “seçkiləri” tanımadılar. Amma Avropa Şurası tərəfindən bu “seçki” şousuna heç bir münasibət bildirilmədi. Cənab Prezidentin qeyd etdiyi kimi, bu təşkilat Azərbaycana şər, böhtan atmaqla məşğuldur. Təbii ki, bu fakt təşkilatın hansı maraqlara xidmət etdiyinin göstəricisidir. Əslində, bu gün həmin təşkilatda ciddi böhran hökm sürür və onun özündə ciddi islahatların aparılmasına ehtiyac var”.

Deputat qeyd edib ki, bu ilin birinci rübü ərzində Azərbaycanın beynəlxalq əlaqələrində, xarici siyasətində müsbət nəticələr əldə olunub.

S.Fətəliyeva qeyd edib ki, Prezidentin Davos Forumunda və Münxen Təhlükəsizlik Konfransında iştirakı böyük əhəmiyyət kəsb edir:

“Çünki hər iki beynəlxalq tədbirdə dövlətimizin başçısı vacib görüşlər keçirib, Azərbaycanın beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi yönündə vacib addımlar atılıb. Xüsusilə, Münxen Təhlükəsizlik Konfransında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair debatın təşkil olunması çox mühüm hadisə idi. Bu hadisə işğalçı Ermənistanın təbliğatını darmadağın etdi. Azərbaycan Prezidenti bütün beynəlxalq tribunalardan dövlətimizin bu məsələdə prinsipial mövqeyini bir daha səsləndirib. Bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.

Deputat əlavə edib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyəti, üzv dövlətlərin əməkdaşlığı bütün dünyaya nümunə ola bilər:

“Türk Şurası dünyanın yeganə təşkilatıdır ki, dövlət başçıları səviyyəsində koronavirusla bağlı Zirvə görüşü keçirib və bu görüşdə Azərbaycanın koronavirusla mübarizə istiqamətində təcrübəsi dünya üçün nümunə kimi qiymətləndirilib”.