Dövlət Komitəsi jurnalistlər arasında yazı müsabiqəsi elan edir

0
81

Dövlət Komitəsi jurnalistlər arasında yazı müsabiqəsi elan edir

Bu barədə Dövlət Komitəsindən məlumat verilib.

Məlumatda deyilir: “Bu gün ölkəmizdə pandemiya ilə bağlı müxtəlif istiqamətlərdə mübarizə aparılmaqdadır. Bu mübarizə bütün dünya dövlətlərindən, beynəlxalq təşkilatlardan, o cümlədən bütün insanlardan gərgin əmək, çətin və məsuliyyətli qərarlar tələb edir. Lakin ən vacib və ən mürəkkəb vəzifə ilk növbədə tibb işçilərinin, polis və fövqəladə hallar orqanlarında çətin və məsuliyyətli xidmət keçən cəsur və əzmkar insanların üzərinə düşür. Bu gün həkimlərimiz bu qlobal təhlükə ilə mübarizənin ön cəbhəsində öz həyatlarını riskə ataraq şəfqət, humanizm və mərhəmət prinsiplərini rəhbər tutur, ən qiymətli sərvət olan insan həyatının xilas olunması üçün yorulmadan çalışırlar. Onlar eyni zamanda pandemiyanın daha geniş miqyasda yayılmaması məqsədilə mütəmadi olaraq kütləvi informasiya vasitələri ilə əhalini sağlam həyat tərzi keçirməyə çağırır, virusla mübarizə çərçivəsində gözlənilməsi vacib olan sanitar gigiyenik qaydalar haqqında əhalini məlumatlandırırlar. Pandemiya ilə mübarizə tədbirlərində polis və fövqəladə hallar orqanları işçilərinin əhalinin təhlükəsizliyinin və ictimai asayişin qorunmasındakı rolu əvəzsizdir.

Eyni zamanda hazırda iş yerlərinin müvəqqəti bağlanması ilə əlaqədar olaraq çətin vəziyyətə düşən insanlara yardımını, maddi və mənəvi dəstəyini əsirgəməyənlərin, cəmiyyətimizin ən müxtəlif təbəqələrinin nümayəndələrinin, sadə vətəndaşların səylərini və zəhmətini isə xüsusilə qeyd etmək lazımdır.

Onlar görünməz təhlükə ilə mübarizə aparan “Görünməyən qəhrəmanlar”dır.

Məhz buna görə Komitə 2020-ci ilin aprel-may ayında “Görünməyən qəhrəmanlar” mövzusunda jurnalistlər və yazarlar arasında “Ən yaxşı yazı “müsabiqəsini elan edir.

Müsabiqədə iştirak etmək istəyənlər öz yazılarını gender221@yahoo.com e-ünvanına göndərməlidirlər.

Təqdim olunan məqalələr üç A4 səhifədən çox olmayaraq “Arial12” şriftində olmalıdır.

Müsabiqə cari il 15 aprel-15 may tarixində keçiriləcək.

Məqalələr Azərbaycan və rus dillərində təqdim oluna bilər.

Təqdim olunan məqalələr münsiflər heyəti tərəfindən yoxlanılaraq qiymətləndiriləcək.

Müsabiqədə ilk 3 yerin qalibləri (1-ci, 2-ci, 3-cü yerlər) Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən diplom və hədiyyə ilə mükafatlandırılacaq.

Müsabiqənin yekunlarına həsr olunmuş tədbirin keçirilmə vaxtı pandemiya ilə bağlı tətbiq olunan karantin rejiminin qaydalarından asılı olaraq müsabiqə iştirakçılarına və ictimaiyyətə açıqlanacaq”.