Deputat: “KİVDF yoxlanılmalıdır, məsələni mütləq Milli Məclisdə qaldıracağıq”

0
220

“Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) yoxlamalar aparılmalıdır. Bununla bağlı məsələ Milli Məclisdə müzakirə ediləcək”.

Bu sözləri  açıqlamasındaMilli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.

Deputat hələ xeyli əvvəl bununla bağlı fikir bildirdiyini də xatırladıb:

“Mən hələ Vüqar Səfərli icraçı direktor olanda fikrimi bildirmişdim ki, orada haqsızlıqlar var. Buna görə də onlara məxsus saytlarda əleyhimə yazılar gedirdi. Dövlətdən ayrılan vəsaitin paylanmasında, jurnalistlərin ev bölgüsündə, lap elə yazı müsabiqələrində haqsızlıqlara yol verilirdi. Fondda yoxlamaların aparılmasına çox ciddi ehtiyac var.

Keçən müddətdə ev alanlarla bağlı narazılıqlar yaranmışdı. Ev alanlar arasında heç jurnalist olmayanlar da var. Bu barədə mətbuatda mütəmadi olaraq demişik. Çox yaxşı oldu ki, cənab Prezident Əli Həsənovu vəzifədən kənarlaşdırdı. Ə.Həsənov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bir kampaniyanın adamlarıdır. Son illər mətbuatda xaotik vəziyyətin yaranması birbaşa onların əməli idi.

Mətbuatı Azərbaycan xalqının milli xüsusiyyətlərinə xas olmayan söyüş alətinə çevirmişdilər.

Bütün bunlar faktiki olaraq onların xidmətləri idi. Ona görə də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu mütləq yoxlanılmalıdır, Hesablama Palatası orada yoxlamalara başlamalıdır. Keçən müddətdə Fonda nə qədər vəsait ayrılıb, hara, necə xərclənib, bunun hesabatı aparılmalıdır. Bu yaxınlarda Milli Məclisdə Hesablama Palatasının hesabatını dinləyəndə bu məsələyə mütləq toxunacağıq”.

Vahid Əhmədov qeyd edib ki, jurnalistlər üçün tikilən üçüncü binadakı mənzillərin paylanılması zamanı şəffaflıq olacağını gözləyir:

“Düşünürəm ki, hər kəs baş verənlərdən özünə pay götürür. Dövlət başçısı yeni təyinatlar zamanı da öz tapşırıq və tövsiyələrini verir. Ona görə də bundan sonra hər şey şəffaf olmalıdır. Buna qədər şəffaflığı təmin etməyənlər isə qanun qarşısında cavab verməlidirlər”.

Qeyd edək ki, Prezident İlham Əliyevin aprelin 4-də imzaladığı sərəncamla Vüqar Səfərli Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) İcraçı direktoru vəzifəsindən azad olunub.

Prezidentin digər sərəncamı ilə Əhməd Məhəmməd oğlu İsmayılov KİVDF-nin icraçı direktoru vəzifəsinə təyin olunub.