COVID-19-a qarşı mübarizə aparan ailələr üçün praktiki təlimat

0
124

UNICEF Azərbaycanda COVID-19 böhranı dövründə evdə uşaqların qayğısına qalan valideynlər üçün veb-saytında və sosial media platformalarında (Facebook, Instagram və YouTube) faydalı fəaliyyətlər və məsləhətlərin yer aldığı #LearningAtHome (#ÖvladımlaEvdə) təşəbbüsünə başlayıb.

Məxsusi olaraq Azərbaycan ailələri üçün hazırlanmış materiallarda diqqət qüvvədə olan xüsusi karantin tədbirləri zamanı müxtəlif oyunlardan yaradıcı şəkildə istifadə edərək uşaqların stimullaşdırılmasına yönəlib.

“Bilirik ki, məktəbəqədər müəssisələrin və məktəblərin COVID-19 pandemiyası səbəbindən bağlanması valideynləri uşaqların gün boyu evdə fəal və stimullu qalması kimi çağırışla üz-üzə qoyub. UNICEF bu çətin zamanlarda ailələrə kömək etmək üçün bəzi praktiki ideyalar və tövsiyələr təklif etmək istəyir”, – deyə UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin bildirib.

“Yeni resurslara daxil olan fəaliyyətlər uşaqları məşğul etməklə yanaşı, zehinlərini də inkişaf etdirməyə kömək edir. Növbəti 15 gün ərzində biz ailələrin iştirak edə biləcəyi bir sıra əyləncəli #LearningAtHome çağırışları və təşəbbüsləri ilə birlikdə, valideynlərə övladlarının fəallığını təmin etmək, zehinlərini stimullaşdırmaq və valideynlərlə uşaqlar arasında əlaqələri dəstəkləmək haqqında praktiki təklifləri də təqdim edəcəyik.

https://www.unicef.org/azerbaijan/learning-home-join-challenge ünvanında onlayn yerləşdirilən fəaliyyətlər:

• Valideynlərə öz uşaqlarına ev şəraitində icra oluna biləcək istirahət və təhsil fəaliyyətlərinə dair xüsusi nümunələr vasitəsilə təhsil almaq imkanı verməyə kömək edir;

• Uzunmüddətli özünütəcrid dövründə stress və gərginliyi azaltmağa kömək edə bilər;

• Rəqəmsal əlaqələr və birgə təcrübə vasitəsilə sosial təcrid təsirini yumşaldır;

• Uşaqlar üçün risk etmədən öyrənə və oynaya biləcəyi sağlam bir mühit yaradır.

“Bu böhran dövründə icmalarımızın təhlükəsizliyini qorumaq üçün evdə qalmaq lazım gəldiyi vaxtda biz hələ də birlikdə daha güclü ola bilərik. Ümid edirik ki, bütün ölkədə valideynlər digər valideynləri həvəsləndirmək məqsədilə məşğələlərini və yeni ideyalarını paylaşaraq, övladları ilə birlikdə keçirdikləri müxtəlif fəaliyyətləri əks etdirən qısa videoları və ya təsvirləri #LearningAtHome, #ÖvladımlaEvdə heşteqlərindən istifadə edərək, dərc edəcəklər”, – deyə Edvard Karvardin əlavə edib.

Bundan başqa, Təhsil Nazirliyinin https://edu.gov.az və Azərbaycan Təhsil İnstitutunun www.ilk5il.az/az/index veb-saytlarında uşaqların ev şəraitində fəaliyyətlərinin və təhsilinin təşkilində valideynlərə kömək etmək üçün UNICEF-in yeni resursları yerləşdiriləcək.

Qeyd edək ki, UNICEF ən əlverişsiz şəraitdə yaşayan uşaqlara çatmaq üçün dünyanın ən çətin yerlərində işləyir. Təşkilat 190-dan çox ölkə və ərazilərdə hər bir uşaq, hər yerdə, hər kəs üçün daha yaxşı bir dünya qurmaq məqsədilə çalışır.