Bakıda karantinin sərtləşdirildiyi ilk gün… – REPORTAJ, FOTOLAR

0
297

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq üçün Azərbaycanda Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın qərarına əsasən, bu gündən bəzi peşə sahibləri istisna olmaqla, vətəndaşların çölə çıxamalarına gün ərzində 2 saatlıq müddətə icazə verilir.  Bu icazə üçün vətəndaşlar müvafiq qaydada SMS vasitəsilə təyin edilən nömrəyə müraciət etməlidirlər. 

Çölə çıxmağa qadağanın sərtləşdirildiyi ilk gün Bakıdakı vəziyyətlə tanış olduq.

Müşahidə etdik ki, ötən günlərdən fərqli olaraq Bakı küçələrində çox az sayda insan var. İnsanlar yalnız aptek və mağazaya getmək üçün çölə çıxırlar. Hər hansı bir küçədə gəzən, skamyada əyləşən şəxsə rast gəlmədik. Eyni zamanda metro çıxışlarında, əhalinin əvvəlki günlərdə ketləvi şəkildə toplandığı yerlərdə polislər dayanıb. Buradan keçən şəxslərin müvafiq qaydada  icazə alıb-almadıqları yoxlanılır, sənədlərinə baxılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən də verilən məlumata da qeyd edilir ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən koronavirus  infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.

Müvafiq icazə olmadan hərəkət edən şəxslər müəyyən olunaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülür.

Mağazalarda da olub, oradakı vəziyyətlə də maraqlandıq. Mağazalarda bir neçə müştərinin olduğunu gördük. Onlarla söhbətimiz əsnasında öyrəndik ki, müştərilər mağazaya SMS-lə icazə alıb, sonra gəliblər.

Bakı sakini Rauf Hüseynov bildirdi ki, SMS-i göndərdikdən sonra təxminən 4 dəqiqə ərzində cavab alıb: “SMS-i göndərdim, düşündüm ki, yarım saata icazə gələr. Lakin gözlədiyimin əksi olaraq təxminən 3-4 dəqiqə sonra icazə verilməsi ilə bağlı cavab gəldi. Qohumlarımdan da öyənmişəm ki, metronun “Əhmədli” stansiyası yaxınlığında, Mehdiabadda ciddi nəzarət var. Mən də mağzaya gəldiyim zaman polislər saxlayıb, sənədimə baxdılar. Bu cür nəzarətin olması yaxşı haldır. Çünki dünən, srağagün mağazalarda insan əlindən tərpənmək olmurdu. Bu gün isə vəziyyət düzəlib”.

Eyni zamanda müşahidə etdik ki, mağazalarda hər hansı bir ərzaq çatışmazlığı yaşanmır. İnsanların ən çox aldıqları makaron, düyü, meyvə bölməsi dolu idi. Həmçinin un məmulatlarında da hansısa qıtlıq yaşanmırdı. İri supermarketlərə girən hər kəsin istisnasız olaraq, temperaturu yoxlanır, əlinə dezinfeksiyaedici məhlul vurulurdu.

Küçələrdə avtomobillərin də sayı az olsa da, yox deyildi. Lakin küçədə polislərin, Bakı Nəqliyyat Agentliyinin əməkdaşlarının gəzərək hərəkətə nəzarət etmələrini də gördük.

Avtobuslar isə əvvəlki günlərdən fərqli olaraq, demək olar ki, boş gedirdi. Dayanacaqlarda sıxlıq, avtobuslarda basabas görmədik. Mağazalar, apteklər istisna olmaqla digər obyektlər fəaliyyətini  dayandırıb.

Beləliklə də yekun olaraq, qeyd edə bilərik ki, insanlar Bakıda sərtləşdirilən karantinin ilk günündə əvvəlki günlərdən fərqli olaraq, evdə qalmağı bacarıblar.