“ASAN Xidmət” rəsmisi: “Bəzi vətəndaşlara 3 kodundan istifadəyə məhdudiyyət qoyulub”

0
391

“Hər bir kod üzrə müvafiq icazə səbəbinə uyğun zaman müəyyən edilib. Verilən icazələr yalnız həmin müddət çərçivəsində qüvvədədir”.

Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov “Real” TV-nin efirində deyib.

Onun sözlərinə görə, əgər vətəndaş 8103 qısa nömrəsinə 1 kodunu göndəribsə, ona müsbət cavab gəlibsə, bu icazə iki saat ərzində qüvvədədir:

“Bəzən şəxs həkimə müraciət edir. Lakin bu müddət 2 saatdan çox çəkir. Belə olan halda vətəndaş həkimdən mütləq şəkildə sənəd almalıdır. Çünki hüquq-mühafizə orqanlarının əməkdaşları vətəndaşdan bu sənədi tələb edə bilərlər.

Zərurət olduğu halda 2 kodu gün ərzində bir dəfə olmaqla 2 saat, 3 kodu isə 5 saat müddətinə müvafiq səbəblərdən küçəyə çıxmağa icazə almaq üçündür. Təəssüf ki, son 8 gün ərzində vətəndaşlar 3 kodundan həddən artıq çox istifadə ediblər. Bu, artıq sui-istifadə deməkdir. Həmin şəxslər barəsində tədbir görülüb və onlara 3 kodundan yenidən istifadəyə məhdudiyyət qoyulub”.

F.Cəfərov sistemi aldatmağa çalışan vətəndaşlara səslənib:

“Dövlətin birinci ismarıcı insanların mümkün qədər evdə qalmalarıdır. Təbii ki, mövcud vəziyyəti nəzərə alaraq, biz hər gün marketə gedib bazarlıq etməməliyik. Çünki müvafiq icazələr əsasında 1,2,3 kodu ilə göndərilən bütün SMS-lər tərəfimizdən araşdırılır, statistika tutulur. Vətəndaşlar sistemi aldatmağa cəhd etməsinlər”.