71 il sonra hüquqi qiymətini alan Bakı əməliyyatı: Aprel işğalı erməniləri cəzadan azad etdi

0
100

28 aprel Azərbaycan hökumətini devirmək və ölkədə Sovet hakimiyyət qurulması məqsədi ilə XI Qırmızı Ordunun Bakının işğalına yönələn hərbi əməliyyatının növbəti ildönümüdür.

Bakı əməliyyatının planı Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının (AK(b)P) liderləri olan Qafqaz cəbhəsinin komandiri Mixail Tuxaçevski və İnqilabçı Hərbi Şuranın üzvü Serqo Orconikidze tərəfindən hazırlanmışdı.

1920-ci ilin aprelində XI Qırmızı Ordu Şimali Qafqazdakı Könüllü Ordunu məğlub edərək, Azərbaycanla sərhədə yaxınlaşdı. Azərbaycan bolşevikləri aprelin 26-dan 27-sinə keçən gecəsində başlayan silahlı üsyanlara hazırlaşırdılar. Bakıda baş verən üsyanla paralel olaraq, bir sıra sovet zirehli qatarlar Azərbaycanla sərhədi keçdi. Bolşeviklər paytaxtın ən əhəmiyyətli obyektlərinə nəzarəti qurduqdan sonra hakimiyyətin təslim edilməsi haqqında Azərbaycan hökumətinə və parlamentinə ultimatum təqdim etdi. Ölkə daxil olan XI Qırmızı Ordunun hərbi dəstəyi ilə yeni hökumət qısa müddət ərzində Azərbaycanın qalan hissəsini də nəzarəti altına aldı.

Nəticədə Azərbaycanda Sovet hakimiyyətinin qurulması adı alıtnda müstəqil cümhuriyyət lığv edildi və işğal planı icra olundu. 1922-ci ildə SSRİ-nin formalaşması ilə ölkə müstəqilliyini tam olaraq itirdi.

Halbuki Azərbaycan Xalq Cümhuriyyəti hökuməti yaxın gələcəkdə, xüsusilə 1920-ci il ərzində kənd yerlərində əhaliyə tibbi xidməti yaxşılaşdırmaq məqsədilə qəzalarda kənd xəstəxanalarının sayını 2 dəfə artırmağı, ölkəyə lazım olan dərman preparatlarının təchizi işini yaxşılaşdırmağı, tibb müəssisələrini mərkəzləşdirilmiş şəkildə dava-dərmanla təmin etməyi planlaşdırmışdı. Lakin 1920-ci il aprelin 28-də Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalı nəticəsində Azərbaycan

Xalq Cümhuriyyətinin süqutu bütün bu planların həyata keçirilməsinə imkan vermədi.

Aprelin 28-də sovet qoşunlarının Şimali Azərbaycana müdaxiləsi nəticəsində yaranmış vəziyyətdən istifadə edən Gürcüstan hökuməti Azərbaycan sərhədinə qoşun çıxardı. Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Gürcüstan elə həmin gün Poylu körpüsünü, Poylu stansiyasını, həmçinin Tiflis-Qazax yolu üzərindəki körpünü tutdu və Ağstafa istiqamətində hücuma keçdi. Azərbaycan Hökumətinin diplomatik səylərinə baxmayaraq, sərhəddə yaranmış gərginliyi xeyli müddət aradan qaldırmaq mümkün olmadı. 11-ci Qırmızı Ordu aprelin 28-də Bakıya daxil olduqdan sonra Parlament və bütün siyasi partiyalar buraxıldı.

Aprelin 28-də San-Remo konfransında iştirak etmiş Azərbaycan nümayəndələri bu xəbəri alan kimi müttəfiq dövlətlərin Ali Şurasına, İtaliya hökumətinə və xarici dövlətlərin Romada olan səfirliklərinə suveren Azərbaycan dövlətinin Sovet Rusiyasının silahlı qüvvələri tərəfindən işğal olunduğu haqqında nota təqdim etdilər. Sülh konfransına verilmiş notada qeyd olunurdu: “Azərbaycan nümayəndələri ümid edirlər ki, Sülh konfransı müstəqilliyin bərpa olunmasında Azərbaycana köməklik göstərəcəkdir”. Bu məzmunda notalar və müraciətlər dəfələrlə Millətlər Cəmiyyətinə, dünya siyasətini müəyyən edən dövlətlərə verildi. Lakin bunların elə bir əhəmiyyəti olmadı. Antanta ölkələri Azərbaycanın bolşeviklər tərəfindən işğal edilməsini sükutla qarşıladılar. Müstəqilliyi böyük dövlətlər tərəfindən tanınmış Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq münasibətlər sistemində iştirakı aprel işğalı ilə sona çatdı. Onun Parisdəki nümayəndələri isə Azərbaycanın ilk siyasi mühacirləri oldular.

1920-ci ilin əvvəllərində Şimali Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalı nəticəsində ölkədə xalq maarifinin inkişafı sahəsində nəzərdə tutulan çoxsaylı tədbirlər yarımçıq qaldı.

Aprel işğalından sonra Jurnalistlər və Ədiblər ittifaqı fəaliyyətini dayandırdı.
*Kəndli İttifaqı fəaliyyətini dayandırmağa məcbur oldu.
*Kustar Neftçıxaranlar Birləşmiş İttifaqı buraxıldı.
*Aprel işğalı və Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qarabağ general-qubernatorluğunun fəaliyyətinə də son qoyuldu.
*Aprel işğalından sonra Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin bütün qanun və qərarlarım ləğv edən Sovet hakimiyyətinin məhkəmə orqanlan Cümhuriyyət Parlamentinin 1920-ci il fevralın 9-da qəbul etdiyi amnistiya haqqında qanunu əsas götürərək, Azərbaycanda türk-müsəlman əhaliyə qarşı ermənilər tərəfindən həyata keçirilən soyqırımlarla ilə əlaqədar cinayət işinə xitam verdi.
*”Lənkəran şəhəri Tələbə və Abituriyentlər İttifaqı” fəaliyyəti dayandırıldı.
*Aprel işğalı ilə əlaqədar Səməd bəy Mehmandarov vəzifəsindən istefa verdi. Azərbaycanın müstəqilliyinə qənim kəsilmiş qüvvələr onu Gəncə üsyanının təşkilində günahkar bilərək, 1920-ci il iyunun 4-də Əliağa Şıxlinski ilə birlikdə həbs etdilər.
*Aprel işğalı Azərbaycan Xalq Cümhuriyyətinin Millətlər Cəmiyyəti üzvlüyünə qəbul olunmasının reallaşdırılmasına imkan vermədi.

Aprel işğalından 71 il sonra “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nda (1991-ci il, 18 oktyabr) bu tarixi təcavüzə siyasi qiymət verildi: “1920-ci il aprelin 27-28-də RSFSR-in XI Qırmızı Ordusunun Azərbaycana təcavüzü, respublika ərazisini zəbt etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan Xalq Cümhuriyyətini devirməsi Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi hesab edilsin”.