Yaşı 65-i keçmiş onkoloji xəstələrin müayinələri təxirə salınıb? – AÇIQLAMA

0
79

Milli Onkologiya Mərkəzində 65 yaşdan yuxarı xəstələr qəbul edilmir.

Bu barədə oxucunun redaksiyamıza ünvanladığı şikayətdə qeyd olunub.

Məlumata görə, Milli Onkologiya Mərkəzinə müalicəyə gedən pasiyentlərdən biri 65 yaşdan yuxarı xəstələrin qəbul edilmədiyi iddiası ilə geri qaytarılıb.

Sözügedən hadisəyə aydınlıq gətirən Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli Oxu.Az-a açıqlamasında belə bir qaydanın olmadığını deyib:

“Mövcud vəziyyətlə bağlı Mərkəz gücləndirilmiş iş rejimində çalışır. Müraciət edən pasiyentlərin sayı çoxdur. Bütün hallarda koronavirus təhlükəsi ilə mübarizə çərçivəsində qəbul edilən qaydalara riayət edilir. Lakin heç bir xəstəyə bu cür məlumat verilə bilməz. Bizim 70 yaşında müalicə alan pasiyentimiz var. Belə faktlarla qarşılaşan pasiyentlər bu barədə məlumat versinlər, araşdıraq.

Növbə götürdükdən sonra kabinetlərin qarşısında sıxlıq yaşanmaması üçün xəstələrə tövsiyə olunur ki, bir-biri ilə aralarında məsafə saxlasınlar. Bundan artıq heç bir qayda və tələb yoxdur”.

A.Kərimli onu da əlavə edib ki, bu günə qədər Milli Onkologiya Mərkəzində koronavirus şübhəsi ilə bağlı götürülən bütün analizlərin cavabları neqativ çıxıb:

“Mərkəzə daxil olan xəstələrin hərarəti ölçülür. İnsanların əllərini dezinfeksiya etmələri üçün tibb müəssisəsində xüsusi dispenserlər quraşdırılıb. Bu günə qədər koronavirus şübhəsi ilə bağlı götürülən analizlərin hamısının cavabı neqativ çıxıb. Ümid edirik ki, ümumilikdə, yoluxma hallarının sayında artım olmayacaq”.