YAP koronavirusa qarşı mübarizəyə qoşuldu

0
90

YAP koronavirusa qarşı mübarizəyə qoşuldu

Yeni Azərbaycan Partiyası koronavirusa qarşı mübarizəyə qoşulur.

YAP-ın mətbuat xidmətindən verilən məlumata görə, dünyanı ciddi təşvişə salan, minlərlə insanın ölümünə səbəb olan koronavirus pandemiyasına qarşı mübarizə Azərbaycan hökumətinin fəaliyyətində ön plana çıxıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı əsasında Nazirlər Kabinetinin yanında yaradılmış Operativ Qərargah koronavirusun yayılmasının qarşısının alınması istiqamətində gərgin iş rejimində səmərəli fəaliyyət göstərir. Epidemioloji vəziyyət ciddi nəzarət altında saxlanılır, virusa yoluxma hallarının qarşısının alınması, zəruri profilaktik tədbirlərin görülməsi ilə əlaqədar vacib addımlar atılır, əhaliyə lazımi məlumat və tövsiyyələr verilir. Təcrübə göstərir ki, bütün cəmiyyət və ayrılıqda hər bir vətəndaş virusa yoluxmaların qarşısının alınmasında mühüm rol oynaya bilər və oynamalıdır. Bununla əlaqədar olaraq, Yeni Azərbaycan Partiyası özünün çoxsaylı üzvlərinin təkliflərini nəzərə alaraq koronavirus xəstəliyinə qarşı mübarizədə ehtiyacı olan vətəndaşlara Nazirlər Kabinetinin yanında Operativ Qərargahın tövsiyələrinin yerinə yetirilməsi işində mümkün köməkliyin göstərilməsi, zəruri məlumatların çatdırılması, maarifləndirmə işlərinin aparılması məqsədilə təşkilatın bütün strukturlarını səfərbər edib.

Eyni zamanda, Yeni Azərbaycan Partiyasının gəncləri sosial şəbəkələr üzərindən Operativ Qərargahın tövsiyələrinin əhali arasında yayılmasına köməklik göstərmək məqsədilə aksiyalar təşkil etməyi qərara alıb.