Tailandda fəaliyyət göstərən azərbaycanlı iş adamından xeyirxah addım

0
379

 

Bəşəriyyət üçün qlobal problemə çevrilən COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycan Prezidenti İlham Əliyevin başladığı ictimai səfərbərlik çağırışı ölkəmizin sərhədlərindən uzaqlarda da öz müsbət töhfələrini verir.

Tailandda yaşayan Azərbaycan əsilli iş adamı Gündüz Qasımlı burada akkreditə olunmuş Azərbaycan səfirliyi ilə yaxın əməkdaşlıq şəraitində beynəlxalq uçuşların dayandırılması ilə əlaqədar bu ölkədəki soydaşlarımıza kömək əlini uzadıb. Belə ki, o, hazırda Tailandın beynəlxalq hava limanlarından çıxışı mümkün olmayan 20 nəfərə yaxın Azərbaycan vətəndaşını iqamətgahı Malayziyada yerləşməklə, ölkəmizin Tailand, Myanma və Bruneydəki səfirliyinin logistik dəstəyi əsasında müvəqqəti yaşayış yeri ilə təmin edib və onların gündəlik ehtiyaclarının ödənilməsini öz üzərinə götürüb.

COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi nümunəvi siyasətin təkcə ölkəmizdə deyil, vətənimizdən kənarda olan soydaşlarımız arasında da böyük ruh yüksəkliyi yaratdığını bildirən azərbaycanlı iş adamı, bu çətin dövrün hər azərbaycanlıya öz milli mənsubiyyətindən irəli gələn soydaş öhdəliklərini xatırlatdığını vurğulayıb. G.Qasımlı vətən təəssübkeşi olan hər bir azərbaycanlının bu prosesdə böyük qürurla iştirak etdiyinə əminliyini bildirib.

Ölkəmizin Malayziyada, eyni zamanda, Tailanddakı səfiri Qaley Allahverdiyev Azərbaycan Prezidentinin bu qlobal çağırışla mübarizədə böyük qətiyyət və bənzərsiz liderlik keyfiyyətləri nümayiş etdirdiyini, onun müraciətinin ölkə vətəndaşları ilə yanaşı, vətəndən kənarda yaşayan soydaşlarımızı da fəal ictimai səfərbərliyə cəlb etdiyini vurğulayıb. Azərbaycanlı iş adamı G.Qasımlının bu nəcib davranışının təqdirəlayiq hal olduğunu qeyd edən səfir əminliklə bildirib ki, harada yaşamasından asılı olmayaraq bütün həmvətənlərimizi bir qayə ətrafında birləşdirən azərbaycançılıq ideyası bu çətin sınaqdan da üzüağ çıxacaq