Şəhid əsgərimizin nəşi ailəsinə təhvil verildi – Xiyabanda dəfn olunacaq

0
104

Şəhid əsgərimizin nəşi ailəsinə təhvil verildi  - Xiyabanda dəfn olunacaq (YENİLƏNDİ)

Dövlət Sərhəd Xidmətinin (DSX) həlak olan 19 yaşlı əsgəri Eltun Elman oğlu Qarayevin nəşi bu gün doğulduğu Bərdə rayonunun Qazqurdalı kəndinə gətirilib.

Onun meyiti ailəsinə təhvil verilib.

Əsgər bu gün Bərdə rayonundakı Şəhidlər xiyabanında dəfn ediləcək.

Hazırda Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev və hüquq-mühafizə orqanlarının əməkdaşları şəhidin yaşadığı evdədirlər.

***

13:52

“Martın 7-də Qazax rayonunun Daş Salahlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidməti vəzifələrini yerinə yetirən zaman əsgərimiz Qarayev Eltun Elman oğlu Ermənistan silahlı qüvvələrinin odlu silahdan açdığı atəş nəticəsində qətlə yetirilib”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama yayıb.

“Bu qətl həftə ərzində düşmən qüvvələrinin Ermənistan-Azərbaycan sərhədində törətdiyi ikinci qanlı təxribat və cinayət halıdır və onun bütün məsuliyyətini Ermənistan daşıyır. Azərbaycanın beynəlxalq tanınmış sərhədlərini qoruyaraq, dövlətimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan heç bir hərbi qulluqçumuzun qanı yerdə qalmayacaq.

Allah şəhidimizə rəhmət eləsin”, – nazirlikdən bildirilib.

***

12:16

Dövlət Sərhəd Xidmətinin Qazax rayonunun Daş Salahlı kəndi yaxınlığında yerləşən döyüş məntəqəsində odlu silahdan açılan atəş nəticəsində həlak olan əsgər Qarayev Eltun Elman oğlu bu gün dəfn olunacaq.

Mərhum Bərdə rayonunun Qazıqurdalı kəndində torpağa tapşırılacaq.

***

11:20

Bu gün saat 05:40 radələrində “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayo­nu­­­nun Daş Salahlı kəndi ya­xın­lığındakı sərhəd döyüş məntəqəsində xidməti vəzifələrinin icrası za­manı əs­gər Qarayev El­tun Elman oğlu odlu silahdan açılmış atəş nəti­cə­sində yaralanıb, dərhal Qazax rayonunun diaq­nostika mərkəzi­nə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Bu barədə  Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və DSX-nin digər rəhbər vəzifəli şəxsləri hadisə yerindədirlər.

Baş verən hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları və Hərbi Prokurorluq tərəfindən zəruri istintaq tədbirləri hə­yata keçirilir.