Prezident xəbərdarlıq etdi: “Ciddi tədbirlər görüləcək” – VİDEO

0
414

“Əgər kimsə özündə xəstəlik simptomu hiss edərsə, dərhal həkimlərə müraciət etməlidir, dərhal özünü təcrid etməlidir, kütləvi yerlərə getməməlidir, lazım olmadan kütləvi tədbirlərdə iştirak etməməlidir”.

Bunu Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, kütləvi tədbirlər artıq ləğv olunub.

Prezident, bununla belə, hansısa məsuliyyətsiz adamların qaydalara uyğun olmayan hərəkətlər etmələrini istisna etməyib.

“Mən bəri başdan hər kəsi xəbərdar etmək istəyirəm, ciddi tədbirlər görüləcək. Çünki bu, milli məsələdir, xalqımızın sağlamlığıdır, dövlətimizin təhlükəsizliyidir. Hər kəs bilsin, əgər martın 14-də elan olunmuş qaydalara kimsə əməl etməsə, çox ciddi məsuliyyətə cəlb ediləcək”, – deyə İlham Əliyev əlavə edib.

Dövlət başçısının sözlərinə görə, məsuliyyətsizliklə əlaqədar faktlar daxil olur:

“Eyni zamanda, biz açıq təxribatı da görürük. Bu təxribat haradan gəlir, həmin o beşinci kolondan, içimizdə oturan düşmənlərdən, özünü müxalifət adlandıran ünsürlərdən, xaricdən pul alan satqınlardan. Onların əsas məqsədi Azərbaycanı məhv etməkdir. Azərbaycan üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır.

Baxın, onların sosial şəbəkələrdəki çıxışlarına, nifrətlə, təxribatla doludur. Sanki istəyirlər ki, iğtişaş olsun. İstəyirlər ki, aləm qarışsın. İstəyirlər ki, panika olsun. Sonra da deyirlər ki, onlar Azərbaycan xalqının qayğıları ilə yaşayırlar. Onlar düşməndirlər və biz bunu açıq deməliyik. Bu xəstəlik hələ bilinmir nəyə gətirib çıxaracaq. Ona görə bu xəstəlik dövründə tamamilə yeni münasibətlər qaydaları mövcud olacaq”.

Qeyd edək ki, Azərbaycanda koronavirusa qarşı mübarizə tədbirləri çərşivəsində martın 14-dən etibarən xüsusi rejim tətbiq olunur.