Operativ Qərargah: Martın 23-dən etibarən ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti  bir ay müddətinə dayandırılır

0
425

 

Koronavirus (COVİD-19) infeksiyası dünya ölkələri arasında sürətlə yayılmaqda davam etdiyindən ciddi preventiv tədbirlər tətbiq olunmaqdadır. Bu məqsədlə bir çox ölkələr arasında sərhədlər müvəqqəti bağlanıb, aviauçuşlar dayandırılıb, insanların kütləvi toplaşdığı məkanlar üzrə məhdudlaşdırıcı tədbirlər həyata keçirilib.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək qlobal pandemiya elan olunan koronavirusun Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində bir sıra qaydalar tətbiq olunub, o cümlədən sosial məhdudlaşdırma tədbirləri həyata keçirilir. Bu məqsədlə kütləvi tədbirlər ləğv edilib, insanların sıx toplaşdığı sosial-mədəni obyektlərin iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti müvəqqəti dayandırılıb, restoran və kafelərin iş rejimi qısaldılıb.

Bunlarla yanaşı, virusun geniş yayılma sürətini nəzərə alaraq insanların kütləvi toplaşdığı məkanlar üzrə əlavə tədbirlərin görülməsi zərurəti yaranıb. Bu baxımdan, nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti martın 23-də saat 00:00-dan etibarən bir ay müddətinə dayandırılır.