MİLLİ QƏHRƏMANIMIZ SAMİR XASIYEVİN ABİDƏSİ ZİYARƏT OLUNMUŞDUR-VİDEO

0
554

İctimai Nəzarət Koalisiyasının  rəhbər heyəti və üzvləri bu gün Milli Qəhrəmanımız Samir Xasıyevin abidəsini ziyarət etmişlər.Samir Xasıyevin adını daşıyan mədəniyyət və istirahət parkına toplaşanlar qarşısında çıxış edən İNK İH-nin sədri,DAMMİB I vitse- prezidenti, SİMİB-nin rəhbəri,ictimai xadim Rasim Məmmədov qəhrəman şəhidimizin gənc nəslə örnək olacaq keyfiyyətlərindən söz açdı. Rasim Məmmədov öz çıxışında  xalqımızın   qarşılaşdığı bütün problem və çətinliklərdən üzüağ çıxacağına əmin olduğunu vurğulamış və cəmiyyətimizə  bütün sosial- mənəvi qayğıları dəf etməyi arzulamışdır.

XASIYEV SAMİR ZİRƏDDİN OGLU

20 aprel 1973-cü ilda Bakı şəhərində doğulmuşdur. 1980-ci ildə Bakının Nərimanov rayonundakı 82 saylı orta məktəbin birinci sinfınə getmişdir. 1988-ci ildə ailəsi Gəncə şəhərinə köçdüyü üçün, orta təhsilini 14 saylı beynəlmiləl orta məktəbdə tamamlamışdır. O, məktəbi bitirib Bakıya qayıdır. 1991-ci ildə Bakı Soyuducular Zavodunda işləməyə başlayır. Elə həmin il Bakı Dövlət Universitetinin tarix fakültəsinin axşam şöbəsinə daxil olur. Birinci kursda oxuyarkən hərbi xidmətə çağırılır. O, əvvəlcə Dərnəgüldəki tikinti batalyonunda xidmət edir. 1992-ci ildə isə Vətənin çağırışına səs verərək rəhbərlikdən döyüş bölgəsinə göndərilməsini xahiş edir. S.Xasıyev qısa təlim keçdikdən sonra ön cəbhəyə yola düşür. İlk döyüşü Ağdam rayonunun Mərzili kəndindən başlayır. 1993-cü ildə Füzuli, Ağdərə bölgələrində aparılan əməliyyatlarda fəal iştirak edir. Samir bir neçə dəfə yaralansa da, döyüş bölgəsini tərk etmir, yoldaşlarının yanında qalmağı üstün tutur. Samirin gərgin döyüşlərinin biri də Tərtər cəbhəsində oldu. Ölümün gözünə dik baxan cəsur döyüşçü bir neçə dəfə mühasirəni yararaq yoldaşlarını xilas etdi. Bacarığını, səriştəsini nəzərə alıb onu iki aylıq zabitlər kursuna göndərdilər. O, leytenant rütbəsi alandan sonra yaratdığı bölüyün komandiri oldu. Samir 1994-cü ildə Gəncə qiyamının yatırılmasında fəal iştirak etdi, “Hərbi xidmətlərə görə” medalı ilə təltif edildi.

1995-ci il martın 17-i… Dövlət çevrilişinə növbəti cəhd. Qarşıdurma dinc yolla həllini tapa bilmədi. Samirin bölüyü qərargaha daxil olarkən snayper gülləsi yaxın məsafədən komandiri qarın nahiyəsindən yaraladı. Dostlarının səyinə baxmayaraq, onu xilas etmək mümkün olmadı. O, dövlətçiliyimiz yolunda qəhrəmancasına həlak oldu.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə leytenant Xasıyev Samir Zirəddin oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Bakı şəhərində 2-ci Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Bakının Nərimanov rayonundakı keçmiş Montin adına Mədəniyyət və İstirahət parkına Samir Xasıyevin adı verilmiş və parkda büstü qoyulmuşdur.

İctimaixəbər.az