Bir manatlıq təhlükə: xəbərdarlığa rəğmən insanlar növbəyə dayanırlar… – FOTO

0
118

Koronavirusa yoluxmaların qarşısını almaq məqsədilə bir sıra dünya ölkələrində, o cümlədən Azərbaycanda xüsusi rejim tətbiq edilir. 

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargah tez-tez məlumatlar yayıb, insanları diqqətli olmağa, ictimai-iaşə yerlərindən mümkün qədər  uzaq durmağa çağırır.

Eyni zamanda, ötən gün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ictimai-iaşə müəssisələrində COVID-19-un (koronavirus) profilaktikasına dair metodiki göstərişlər yayıb. Həmin göstərişin bir bəndində qeyd edilib ki, bu kimi obyektlər mətbəxdə, heyət otaqlarında, sanitar qovşaqlarda və xidmət zallarında mütəmadi dezinfeksiya işlərinin aparılmasını təmin etməlidir.

Hazırda iri ticarət mərkəzləri, mollar xüsusi rejimdə çalışır. Rəsmi məlumatlara görə, bu yerlərdə dezinfeksiya tədbirlərinə ciddi riayət olunur. Lakin Bakı küçələrində müşahidə etdik ki, insanlar bu qədər çağırışlara rəğmən yenə də 1 manatlıq dönər almaq üçün içərisində bir  nəfərin güclə dayandığı dönərxayana bənzər obyektlərin qarşısında növbəyə dayanıblar.

Onlarla söhbət etdiyimiz zaman bildirdilər ki, heç bir təhlükə hiss etmirlər. Əksəriyyəti söylədi ki, koronavirus, sadəcə olaraq, şayiədir Bu şayiəyə inanıb, 1 manatlıq dönərdən imtina edə bilməzlər.

Müşahidə etdik ki, 1 manatlıq toyuq dönərinin içərisinə toyuq ətindən başqa mayanez, tərəvəz də qoyulur.

Bəs gündən-günə bahalaşan toyuq ətindən hazırlanan bu dönərlər necə illərdir dəyişməz qiymətə satılır?

Musavat.com-a açıqlamasında ekspert Eyyub Hüseynov söyləyib ki, Bakıda 95 faiz dönərxanalar standarta uyğun yerlərdən ət almırlar: “Bizim hazırladığımız standarta görə, bir dönərin qiyməti, şəhərdə ən baha satılan dönərin qiymətindən təxminən 20 qəpik baha idi. Yəni 1 manata normal dönərin hazırlanması mümkün deyil. Azərbaycanda dönəri standartlara uyğun hazırlayan iki müəssisə mövcuddur. Bu müəssisələrdə dönərlər təzə ətdən hazırlanır və mənfi 40 dərəcə olmaqla şok dondurmadan keçirilir, bükülür, xüsusi avtomobillər vasitəsilə dönərxanalara çatdırılır. Ona görə şok dondurmadan keçirirlər ki, dönər yeganə bişmiş məhsuldur ki, onun çölü bişən zaman içərisi çiy qalır. Şok dondurma zamanı heyvan mənşəli bakteriyalar, viruslar ölür. Ona görə də yalnız bu cür hazırlanan dönərlər təhlükəsizdir. Qeyri-rəsmi məlumata görə, Bakıda olan 15 min dönərxanadan cəmi 100-ə qədəri bu cür yerlərdən ət alır. Qida Təhlükəsizliyi Agentliyi xüsusi yerlər yaratmağa cəhd edir. Ancaq düşünürəm ki, bu cəhd də ümumi mənzərəyə təsir etməyəcək. Yaxşı olar ki, bütün dönərxanalara yuxarıda dediyim kimi, normalara uyğun ət verilsin”.

Musavat.com-a danışan həkim Hüseyn Mehdiyev bildirib ki, insanlar bu kimi yerlərdən dönər alırlarsa, heç olmasa növbədə dayanan zaman aralarında məsafə saxlasınlar: “İnsanlar özləri başa düşməlidir ki, indiki dövrdə bir-birilərindən məsafə saxlasalar özləri üçün faydalır. Bu istiqamətdə təbliğat elə olmalıdır ki, insanlar özləri bu qaydalara heç bir məcburiyyət olmadan əməl etsinlər. Eyni zamanda bu cür obyektlər də dezinfeksiya edilməli, müvafiq qurumlar tərəfindən nəzarətdə saxlanmalıdır”.