Azərbaycan vətəndaşlarını daşıyan dörd avtobus Türkiyə-Gürcüstan sərhədində saxlanıldı, işə nazirlik qarışdı

0
192

Dünən Bakı-İstanbul müntəzəm marşrut xətlərinə məxsus Azərbaycan Respublikası vətəndaşlarını daşıyan dörd avtobusun epidemiya ilə əlaqədar təxirəsalınmaz tədbirlər çərçivəsində Türkiyə-Gürcüstan sərhəd keçid məntəqəsində hərəkəti məhdudlaşdırılıb.

Məlumat daxil olduqdan dərhal sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə Gürcüstanın Yerüstü Nəqliyyat Agentliyi arasında aparılan danışıqlar nəticəsində “STAR OK” daşıyıcı şirkətinə məxsus 34 BPY 784 dövlət nömrə nişanlı avtobus artıq Bakıya doğru yola düşüb. “VARDAR”, “ALPAR” və “METRO” daşıyıcı şirkətlərinə məxsus 99 JH 866, 34 BRT 107 və 34 EK 7002 dövlət nömrə nişanlı avtobusların ölkəmizə girişinə razılıq verilib.

Ümumi prosedur qaydaları tamamlandıqdan sonra avtobuslar yola düşəcək. Məlumat üçün qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərərgahın tələblərinə müvafiq şəkildə təhlükəsizlik tədbirləri çərçivəsində ümumi prosedur qaydalarından sonra sərnişinlərimizin dövlət sərhəddindən buraxılış məntəqələrinə keçidinə icazə veriləcək.

Sərnişinlərimizdən və onların yaxınlarından mövcud durumda panikaya yol vermədən 012 566 52 58 nömrəli qaynar xətlə əlaqə saxlamaları tövsiyyə edilir.