Azərbaycan koronavirusun qarşısını almaq üçün bu addımları atdı

0
103

Azərbaycan koronavirusun qarşısını almaq üçün bu addımları atdı

Azərbaycan Çində başlanan və sərhədlərimizə (İran) gəlib çıxan koronavirusun yayılmasının qarşısını almaq istiqamətində tədbirlərini davam etdirir.
Virusun yayılmağa başladığı ilk gündən Azərbaycan hökuməti müvafiq addımlar atdı.

Koronavirusa ilk yoluxma halı müəyyənləşən kimi Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) müvafiq məlumat verilməklə düzgün addım atıldı. ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı İTV-yə müsahibəsində bu məqamı xüsusi vurğulayıb.

Proseslər göstərdi ki, Azərbaycanın aidiyyəti orqanları, o cümlədən Səhiyyə Nazirliyi və TƏBİB bu məsələdə çox şəffaf və açıq fəaliyyət göstərir. İlk yoluxma halı müəyyən olunduqdan bir gün sonra mətbuat konfransı keçirildi, bir saata yaxın müddətdə mətbuat nümayəndələrinin bütün sualları cavablandırıldı, bütün informasiyalar paylaşıldı;

Azərbaycan hökuməti bu mövzuya çox açıq yanaşdı, ÜST-ü, əhalini məlumatlandırdı. Məlumat azlığının əhali arasında təşviş yarada biləcəyinin nəzərə alınması ən vacib məqamlardandır.

Hökumət ciddi tədbirlər həyata keçirir

Aidiyyəti orqanları çox ciddi tədbirlər həyata keçirirlər, sərhəd bölgələrinə heyətlər göndərilib, orada mobil laboratoriyalar qurulub, tibb işçiləri prosesə ciddi şəkildə cəlb olunublar. İranla olan sərhəd bölgəsində ciddi nəzarət tədbirləri həyata keçirilir. Hazırda Azərbaycanda karantin və xəstəlik aşkar olunan insanların müalicəsi üçün 6 xəstəxana ayrılıb. Ümumdünya Səhiyyə Təşkilatı testlərlə bağlı Avropanın ən yaxşı nəticələri olan iki laboratoriyadan ilkin testləri aldı və bütün ölkələrə göndərdi. Azərbaycana artıq 1000 ədəd test göndərilib və ikinci partiyada yenə testlər veriləcək. Azərbaycan hökuməti başqa yerlərdə test edilməsinin qarşısını almaq üçün keyfiyyət standartı yaradır. Keyfiyyəti bəlli olmayan yerlərdən alınan testlərlə düzgün nəticə əldə etmək mümkün deyil. Azərbaycan hökuməti daha keyfiyyətli testlər etmək istəyir.

Əhaliyə xəbərdarlıq

Xatırladaq ki, Nazirlər Kabinetinin yanında yaradılan opoerativ qərargah bununla bağlı əhaliyə xəbərdarlıq etmişdi.

Xəbərdarlıqda deyilirdi: “Beynəlxalq təcrübəyə uyğun olaraq koronavirus infeksiyalarının laborator diaqnostikası üçün xüsusi dövlət tibb müəssisələri müəyyənləşdirilib. Xüsusi ayrılmış tibb müəssisələrindəki laboratoriyalar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi bütün biotəhlükəsizlik və digər keyfiyyət standartlarına tam uyğun qurulub, analizlər yüksək ixtisaslı kadrlar tərəfindən icra olunur, test nəticələrinin düzgünlüyünə xüsusi proqramlarla nəzarət edilir. Digər dövlət və qeyri-dövlət tibb müəssisələrində koronavirusun təyini məqsədilə laborator analizlərin aparılması qəti qadağandır! Bu tələbi pozan bütün tibb müəssisələrinə qarşı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəkdir. Son vaxtlar vətəndaşlarımızda koronavirus infeksiyalarının laborator diaqnostikasına dair bəzi suallar yaranıb. Nazirlər Kabineti yanında operativ qərargah bildirir ki, koronavirus infeksiyalarının vaxtında aşkar olunması üçün hazırda xəstəliyin geniş yayıldığı bölgədən gələn, yaxud həmin bölgədən gələnlə, eləcə də xəstəliyi təsdiq olunmuş şəxslə təmasda olan şəxslərdən analiz nümunələrinin götürülməsi vacibdir. Hazırda xüsusi ayrılmış dövlət tibb müəssisələrindəki laboratoriyalarda ÜST-ün protokoluna əsasən, sözügedən şəxslərin tibbi müayinələri dövlət büdcəsi hesabına həyata keçirilir. Həmin şəxslər özlərində respirator xəstəlik əlamətləri (qızdırma, halsızlıq, öskürək, ürəkbulanma, nəfəs darlığı) hiss etdikləri halda dərhal 103 (Bakı daxili) və ya 113 (Bakıdan kənar) Təcili yardım nömrələrinə zəng edə və həkim müayinəsindən keçə bilərlər”.

Hazırda Azərbaycanda koronavirusa yoluxma halı sıfırdır. Sadəcə olaraq, önləyici tədbirlər məqsədilə karantin zonaları yaradılıb.