Azərbaycan daha bir beynəlxalq reytinq cədvəlində 16 pillə irəliləyib – FOTO

0
88

Dünyanın ən böyük beyin mərkəzlərindən bir olan Heritage Foundation tərəfindən hazırlanan “İqtisadi Azadlıq İndeksi 2020” hesabatında Azərbaycan 16 pillə irəliləyərək 180 ölkə arasında 44-cü yerdə qərarlaşıb. Azərbaycan builki hesabatda Asiya-Sakit Okean regionu ölkələri sırasından çıxarılaraq Avropa regionuna daxil edilib, iqtisadi azadlıq dərəcəsinə görə dünya üzrə orta göstəricidən (61.6) yuxarı, regional göstəricidən isə cəmi 0,5 bal ilə geri nəticə göstərib. Həmçinin, İqtisadi Azadlıq İndeksi 2020 üzrə Avropa regionunda 45 ölkə arasında 24-cü yerdə qərarlaşıb və regionda ən çox irəliləyən ölkələr arasında birinci yerdədir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Nərmin Kazımlı hesabatı şərh edərkən bildirib ki, bundan əlavə, sözügedən indeks üzrə Azərbaycan Polşa, Belçika, İspaniya, Fransa, Türkiyə, İtaliya və bu kimi ölkələr ilə müqayisədə ön sıralarda yer tutub. Məlumdur ki, iqtisadi azadlığın inkişafı ilə insan kapitalının inkişafı arasında sıx əlaqə mövcuddur və Azərbaycan İqtisadi Azadlıq İndeksi üzrə ən çox irəliləyən 11 ölkə sırasındadır. Bu yüksəlişə isə əsas etibarı ilə biznes azadlığı, investisiya azadlığı və fiskal sağlamlıq indikatorlarındakı inkişafla nail olunub. Ölkənin mövqeyinin gücləndirilməsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü, kompleks və köklü iqtisadi islahatlara verilən beynəlxalq qiymətdir.

“İqtisadi Azadlıq İndeksi” “Qanunun aliliyi”, “İdarəetmənin səmərəliliyi”, “Dövlətin ölçüsü”, “Bazarın əlçatanlığı” kimi əsas indikatorlar və onların alt-indikatorları daxil olmaqla ümumilikdə 12 göstərici əsasında iqtisadi azadlığa təsir amillərini cəmləyərək vahid bal və reytinq ilə qiymətləndirilir. Hər bir göstərici üzrə ölkələrə 0-100 arası bal verilir. Ölkə nə qədər çox bal alsa, deməli, iqtisadi azadlıq səviyyəsi də bir o qədər yüksəkdir. Beləliklə, “tamamilə sərbəst” iqtisadiyyat 100 bal ilə səciyyələnirsə, prinsip etibarilə azadlıq yoxdursa, müvafiq olaraq 0 bal qiyməti verilir. Yekun hesabatda təqdim olunan bütün dünya ölkələri reytinqlərinə uyğun olaraq 5 şərti qrupa bölünür:

İqtisadiyyatı sərbəst olan ölkələr (80-100 bal);

İqtisadiyyatı əsasən azad olan ölkələr (70-79.9 bala);

İqtisadiyyatı orta dərəcədə azad olan ölkələr (60-69.9 bal);

İqtisadiyyatı əsasən azad olmayan ölkələr (50-59.9 bal);

İqtisadiyyatı azad olmayan olan ölkələr (0-49.9 baldan az).

Azərbaycanın 69.3 balla, “orta dərəcədə azad iqtisadiyyat” aralığına düşməsi dövlətin iqtisadiyyata müdaxiləsinin azalmasını və iqtisadi artımda özəl sektorun payının çoxalmasını göstərir. İqtisadi azadlıq siyasətini həyata keçirən ölkələr ticarət və sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradır və bu da öz növbəsində iqtisadi artıma və ictimai rifahın yüksəlməsinə töhfə verir”.

N.Kazımlı əlavə edib ki, 2020-ci il hesabatında “Qanunun aliliyi” indikatorunun “Əmlak hüquqları” alt-indikatoru üzrə 8 bal irəliləmə ilə Azərbaycan 67.1 bal ilə qiymətləndirilir. Bu sahədə son dövr ərzində həyata keçirilən islahatlar nəticəsində daşınmaz əmlakın dövlət qeydiyyatı sahəsində elektron müraciət imkanları daha da təkmilləşdirilib, 20-dən çox elektron xidmət istifadəyə verilib. Eyni zamanda, əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin alınması üçün müraciət və sənədin verilməsi elektron formada aparılır. Prezident İlham Əliyevin 2019-cu il fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmana uyğun olaraq mənzillərin qeydiyyat prosedurunun daha da intensivləşdirilməsi məqsədilə davamlı olaraq “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” səyyar kampaniyaları keçirilir.

“Məhkəmə sisteminin effektivliyi” alt-indikatoru üzrə isə 0,8 bal irəliləmə müşahidə olunur. Ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmə icraatının effektivliyinin yüksəldilməsi üçün Prezidentin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanının icrası istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilir. “Elektron məhkəmə” informasiya sistemi daha da təkmilləşdirilib, məhkəmə və ya üçüncü tərəfin qərarını tələb etməyən hər hansı bir mübahisə üçün təsirli həll vasitəsini təmin edən “Mediasiya haqqında” Qanun qəbul edilib. Yeni yaradılan “Mobil Elektron Məhkəmə” proqram təminatı vasitəsilə elektron qaydada iddia ərizələri vermək, sənədlər göndərmək, məhkəmə proseslərinin keçiriləcəyi vaxt və yer barədə məlumatlandırılmaq və digər imkanlar yaradılıb. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda və digər normativ hüquqi aktlarda dəyişikliklər nəticəsində mülki işlərə, inzibati xətalara, iqtisadi və inzibati mübahisələrə dair işlər üzrə məhkəmə ekspertizasının keçirilməsi, ekspertizanın keçirilməsi müddətləri, ekspertizanın təyin edilməsi ilə bağlı yeni müddəalar müəyyənləşdirilib. 2020-ci ilin yanvar ayının 1-dən etibarən bir neçə kommersiya və inzibatı məhkəmələr fəaliyyətə başlayıb.

Hesabatda “Dövlətin ölçüsü” indikatorunun “Vergi yükü” alt-indikatoru üzrə də 0,5 bal ilə inkişafa nail olunub. Belə ki, son illərdə vergi islahatları sistemli xarakter alaraq sahibkarların vergi yükünü optimallaşdırıb. Hamıya eyni yanaşma, məcbur etmədən könüllü ödəməyə keçid, vergi inzibatçılığının təkmilləşdirilməsi və şəffaflığın artırılması sahibkar məmnuniyyətini gücləndirir. İslahatlar vergi hesabatlarının hazırlanmasına və vergilərin ödənilməsinə sərf olunan vaxt, ƏDV-nin əvəzləşdirilməsi üçün sənədlərin doldurulmasına sərf edilən vaxt, vergi dərəcələrinin sayı kimi amillər üzrə dəyişikliklərə səbəb olub. Bundan başqa “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” Qanun əsasında Vergi Məcəlləsinə iqtisadi hədəflər və əsas prioritetlər əsasında edilən dəyişiklikləri 7 əsas istiqamətə bölmək olar: Bərabər və şəffaf fiskal mühitin təmin edilməsi; ƏDV inzibatçılığının təkmilləşdirilməsi; sahibkarların inzibatçılıq yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi; sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə (vergi) yükünün azaldılması; sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergitutma bazasının genişləndirilməsi; beynəlxalq vergitutma və məlumat mübadiləsi üzrə öhdəliklərin yerinə yetirilməsi.

Əmtəəsiz və riskli əməliyyatlar aparan vergi ödəyicilərinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə Məcəlləyə yeni müddəalar daxil edilib.

Kassa metodu əsasında hesablanma artıq ödəyicilər tərəfindən ƏDV tutulan əməliyyatın vaxtının müəyyən edilməsində vergi inzibatçılığını təkmilləşdirilməklə yanaşı, vergi ödəyicisinin maliyyə vəsaitinə qənaət etməsinə gətirib çıxarır. Ümumilikdə ölkədə aparılan əsaslı vergi islahatları sahibkarlığın və biznes mühitinin inkişafına mühüm təsir edəcəkdir.

“Dövlət xərcləri” alt-göstəricisi ilə bağlı 3.5 bal yüksəliş ilə dünya üzrə ortalama göstəriciyə Azərbaycan daha da yaxınlaşıb. Belə ki, 2019-cu ildə əsaslı sosial islahatlar keçirilib və “Sosial islahat paketi” minimum əmək haqqının, minimum pensiyanın, eyni zamanda, təqaüd və müavinətlərin artırılması, o cümlədən, problemli və vaxtı keçmiş kreditlərin geri qaytarılması, restrukturizasiyası və digər islahat tədbirlərini əks etdirir. Sözügedən islahat paketi iki milyondan çox insanı əhatə edir.

“Fiskal sağlamlıq” alt-indikatoru üzrə əhəmiyyətli dərəcədə, 9.8 bal irəliləmə ilə Azərbaycan 99.2 bal ilə qiymətləndirilir. Ölkənin maliyyə-bank sektorunun inkişafı məqsədilə kompleks islahat tədbirləri çərçivəsində “Banklarda risklərin idarə olunması haqqında Qaydalar”, “Banklarda kredit risklərinin idarə edilməsi Qaydaları”, “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları” və digər bu kimi normativ hüquqi aktların qəbulu ilə əhəmiyyətli irəliləyişlər müşahidə edilir. Belə ki, bank sektorunun kredit portfeli genişlənib, mənfəət, aktiv və əmanətlər, balans kapitalı artıb, rəqəmsallaşma təkmilləşdirilib, prudensial idarəetməyə keçid təmin olunub. Bundan başqa, rezident və qeyri-rezident hüquqi və fiziki şəxslər üçün banka getmədən bank hesablarının məsafədən açılması imkanı yaradılıb.

“İdarəetmənin səmərəliliyi” indikatorunun hər bir alt-indikatoru üzrə xeyli inkişaf müşahidə olunur. Son dövrlərdə həyata keçirilən kompleks biznes islahatları nəticəsində “Biznes azadlığı” alt-indikatorunda 11.3 bal yüksəliş ilə Azərbaycan 80.8 bal ilə dəyərləndirilib. Biznes mühitinin əlverişliyinin artırılması, daha şəffaf və operativ imkanların yaradılması istiqamətində isə Prezident İlham Əliyevin rəhbərliyi ilə biznes islahatı tədbirləri həyata keçirilib. İslahatlar nəticəsində tikinti obyektinin tikintisinə və istismarına icazələrin alınması, elektrik təchizatı şəbəkələrinə qoşulma, əmlakın qeydiyyatı, dövlət satınalmaları sahəsində bütün prosedurlar ümumilikdə elektron qaydada aparılmaqla rəqəmsal eraya keçid istiqamətində mühüm əhəmiyyət kəsb edir. Xarici ticarət iştirakçıları üçün gömrük nəzarəti və rəsmiləşdirilməsinin daha operativ və şəffaf şəkildə tətbiq edilməsi, ixrac potensialının gücləndirilməsi məqsədilə xarici ticarət sahəsində də islahat tədbirləri həyata keçirilib. “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası” təsdiq edildikdən sonra “Yaşıl dəhliz”dən istifadə sahibkarlar üçün daha əlverişli şəraitin yaradılmasına imkan verib. Yeni qayda ilə bağlı olaraq, malların ixracı zamanı mallar nəqliyyat vasitəsinə yüklənməmişdən 1 saat öncə xarici ticarət iştirakçıları tərəfindən ixrac gömrük bəyannaməsi və ona dair əlavə sənədlər elektron qaydada təqdim olunur və 1saat müddətində şəxsə SMS vasitəsi ilə bildiriş göndərilir.

Biznes mühitinin daha da inkişaf etdirilməsi, “İqtisadi Azadlıq İndeksi” və bu kimi digər beynəlxalq reytinq qiymətləndirmələrində ölkənin mövqeyinin yaxşılaşdırılması məqsədilə “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya”nın işçi qrupları da fəaliyyət planları çərçivəsində mütəmadi olaraq tədbirlərin icrasını təmin edirlər.

İslahatlar nəticəsində, “Əmək azadlığı” alt-indikatoru üzrə 2.3 bal irəliləməyə nail olunub. Belə ki, “Sosial islahat Paket”ləri çərçivəsində orta aylıq pensiyanın 15 faiz, o cümlədən yaşa görə pensiyanın 15 faiz, əlilliyə görə pensiyanın 22 faiz artırılıb. Həmçinin, özünüməşğulluq proqramına cəlb olunanların sayı 10 min 354-ə, ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 70 faiz artmaqla 72 minə çatıb. Eyni zamanda, 3400-ə yaxın şəxs, həmçinin, Dövlət Məşğulluq Xidməti tərəfindən 3168 nəfər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən 227 nəfər peşə hazırlığına cəlb olunub.

“Maliyyə azadlığı” alt-indikatorunun “İqtisadi Azadlıq İndeksi”nin 2020-ci il hesabatında 6.8 bal irəliləmə müşahidə olunur. Sözügedən göstərici qiymətləri təhrif edən müxtəlif hökumət fəaliyyətlərinin qiymətləndirilməsi ilə inflyasiya səviyyəsini ölçür. Azərbaycanda inflyasiya 2019-cu ildə demək olar ki, sabit qalaraq 2,6% təşkil edib.

“Bazarların əlçatanlığı” indikatorunun “İnvestisiya azadlığı” alt indikatoru investisiya kapitalının hərəkəti üçün ölkədə praktiki və ya qanunvericilik baxımından nə kimi məhdudiyyətlərin olmasını dəyərləndirir. Fərdlərə və firmalara həm ölkə daxilində, həm də ölkənin sərhədləri çərçivəsində müəyyən resurslarla məhdudlaşmadan fəaliyyət göstərməyə icazə verilməsini qiymətləndirir. Bu göstərici üzrə də, Azərbaycan 10 bal yüksəlişə nail olmuşdur.

Ümumilikdə, Heritage Foundation tərəfindən açıqlanan “İqtisadi Azadlıq İndeksi” dünya ölkələrində baş verən dəyişikliklərin izlənilməsi məqsədilə qaynar xəritə rolunu oynayan beynəlxalq hesabatlardan biridir. Bu indeksin nəticələri yalnız elmi araşdırma baxımından deyil, eyni zamanda xüsusilə inkişaf etməkdə olan ölkələrə investorların maraqlarını nəzərə almaqla, onlar üçün ölkənin iqtisadi azadlıq faktoruna təsir edən amillər üzrə baş verən dəyişikliklər baxımından əhəmiyyətli məlumat mənbəyidir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən mövcud vəziyyətin yaxşılaşdırılması, maliyyə sabitliyi və davamlı iqtisadi inkişafın təmin olunması, Azərbaycanın iqtisadi mövqeyinin gücləndirilməsi ilə bağlı bir sıra mühüm nailiyyətlər əldə olunub. Bu kimi uğurlara misal olaraq Azərbaycanın İqtisadi Azadlıq indeksi üzrə reytinqdə irəliləməsinin mühüm əhəmiyyətini qeyd etmək lazımdır.