8 mart yürüşü: feminizmin qələbəsi, yoxsa?!…

0
191

Cəmiyyətşünaslığın əsas predmeti ictimai həyatda baş verən mürəkkəb prosesləri izləmək, vaxtında ona qiymət verməkdir!
Bakıda və sosial şəbəkədə 8 mart feminizmin və gender bərabərliyi ilə bağlı təşkil olunan yürüşü iqtidar və mental dəyərlərdən yapışanlar pislədi, liberal kəsim, eləcə də gənclər bəh-bəhlə təriflədi!
Heç bir qüvvəyə tərəfkeşlik eləmədən fikirlərimi bölüşmək istəyirəm! Gənclərin (tutalım hətta yanlış addımlar və formatlarda müşahidə olunsa belə) bu kreativ siyasi-innovativ hərəkatı çağdaş tariximizə tamam fərqli bir məharətlə daxil olduğumuzdan xəbər verir!
Ötən əsrin ortalarında Avropa və Qərbdə baş qaldıran hippilər hərəkatının yeni – virtualcasına təkrarı olan bu hərəkatın qarşısını almaq çox çətin olaçaq!
Daşa  qarşı qumdan sədd qurmaq istəyindən daşınmalıdır cəmiyyətimiz: məmurlar və köhnə nəsil yeni nəsillə bir masada oturaraq bəzi məsələləri mütləq müzakirə edib ortaq məxrəcə gəlməlidirlər. Bu işıqlı – avropaqafalı gənclər sizin üçün nə nurçular, nə əxilər, nə də şiə dindarları deyillər. Məmur və polislər, evdəki uşaqlarınızın smartfonuna və girdikləri internet resurslarına baxın: mən şəxs tanıyıram ki, iqtidarın bir qanadının yenicə yaratdığı yeni media orqanında liberalları söyür, fəqət birinci arvadından olan uzunsaçlı oğlu yürüşçülər sırasında Qərb dəyərlərini təbliq edir!
Azərbaycan gəncliyi müxtəlif istiqamətlərə parçalandırıldı: kəndli-regionlu-şəhərli-xaricdə yaşayanlarımız; azdilli-rusdilli-türkdilli-ingilisdilli-farsdilli-ərəbdilli-talışdilli-ləzgidilli-kürddilli;
sağçı-solçu-qlobalist-millətçı-etnikçi-türkçü-qərbçı; şiə-sünni-nurçu-sələfi-vəhabiçi-xaçpərəst-ateist-deist-buddist-ibrani; kasıb-varlı-ortabab; müxalifət-iqtidar-yaltaqlanan-liberalistlər; işləyən-işsiz-əlil-könüllü, virtual-kreativ-intellektual-meşşan-tənbəl və s.
Belə mürəkkəb istiqamətlərə malik küskün gəncliklə biz işləməyəndə, əlbəttə, daxili və xarici qara qüvvələr üçün fanatik dağıdıcı qüvvə yetişdirmiş oluruq!

Aydın xan Əbilov

İNK-ın baş katibi,Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı və kulturoloq.