Prezidentdən qəti mövqe: Gözlər MSK-da…

0
455

9 fevral parlament seçkiləri ilə bağlı Prezidentin ötən gün Kürdəmirdə qəti və sərrast mövqeyindən sonra bir daha seçki pozuntusu olan məntəqələrdə nəticələrin ləğv ediləcəyi məsələsi gündəmə gəlib.

Bəzi məntəqələrin ləğvindən sonra rəqəmlərin də dəyişəcəyi və nəticədə bəlli seçki dairələrində hazırda lider olan namizədin də əvəzlənəcəyi ehtimallar sırasındadır. Xüsusilə adı daha çox hallanan 5-7 dairədəki məntəqələrdə seçki pozuntusunun sonucda dairənin nəticəsini ləğv etməyə əsas verdiyi müzakirə mövzusudur.

Qeyd edək ki, dairədə mövcud məntəqələrin 5/2-də seçki pozuntusu və saxtakarlığı təsdiqlənəcəyi halda nəticələr ləğv edilərsə və bu, seçicilərin 4/1-nin səsini əhatə edərsə, sözügedən dairənin nəticəsi ləğv olunur. Əgər seçki nəticəsi ləğv edilən məntəqələr ümumi məntəqələrin 5/2-nə və seçicilərin səslərinin 4/1-nə bərabər deyilsə, onda namizədlərin səsi digər məntəqələrin nəticəsələrinə əsasən hesablanır. Nəticəsi ləğv edilən məntəqədəki səslər çıxıldıqda isə lider namizədin dəyişməsi ehtimalı güclənir.

Hazırda Mərkəzi Seçki Komissiyası ümumilikdə 300 video-görüntünü araşdırdığını bildirsə də, şikayətlərin həcmi, statistikası və araşdırmanın indki mərhələsi barədə heç bir açıqlama verməyib. O cümlədən araşdırmaların nə zaman yekunlaşacağı və MSK-nın yekun qərarı ilə bağlı da rəsmi məlumat yoxdur.

Ancaq həm MSK sədri Məzahir Pənahovun, həm də MSK katibi Mikayıl Rəhimovun açıqlamalarından görünür ki, ləğv ediləcək məntəqələrin sayı heç də az olmayacaq. Prezidentin ötən gün qəti mövqe ortaya qoymasından sonra isə seçki pozuntusu və saxtakarlığı edən bəzi məntəqələrlə bağlı hüquqi müstəvidə də ölçü götürüləcəyi istisna edilmir.