DİN-də Xocalı faciəsinin qurbanları yad edildi

0
446

Fevralın 24-də Daxili İşlər Nazirliyində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş Xocalı faciəsi zamanı şəhid olmuş polis əməkdaşlarının ailə üzvlərinin iştirakı ilə anım mərasimi keçirilib.

DİN-dən verilən məlumata görə, əvvəlcə tədbir iştirakçıları işğalçılarla qeyri-bərabər döyüşlərdə qəhrəmancasına həlak olan 17 polis əməkdaşının, soyqırıma məruz qalmış xocalıların, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş bütün həmvətənlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev tədbiri giriş sözü ilə açaraq xalqımızın son iki əsr ərzində erməni millətçiləri tərəfindən dəfələrlə soyqırıma məruz qaldığını, azərbaycanlıların növbəti belə faciə ilə 28 il əvvəl Xocalıda üzləşdiyini bildirib. Nazir müavini yalnız ulu öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial şəkildə yanaşıldığını, məhz onun qətiyyəti sayəsində soydaşlarımıza qarşı qəddarcasına törədilən dəhşətli qətliama obyektiv hüquqi-siyasi qiymət verildiyini diqqətə çatdırıb.